Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana noyabrın 9-da baş tutacaq səfəri Moskvanın Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış təhlükəli vəziyyətdən narahat olması ilə əlaqəlidir.
Məlumata görə, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Qafqaz və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin baş elmi əməkdaşı Vadim Muxanov “RİA Novosti” agentliyinə deyib.
Muxanovun sözlərinə görə, Rusiya Qarabağ nizamlanmasında əsas vasitəçi olaraq qalır və münaqişə zonasından tez-tez toqquşma xəbərlərinin gəldiyi bir vaxtda Rusiyanın rolu aktuallaşır.
“Şübhəsizdir ki, Moskvanın indiki fəallığı münaqişə zonasında yaranmış vəziyyətlə əlaqəlidir. Gərginlik təkcə Qarabağda deyil, Ermənistan - Azərbaycan sərhədi boyu da artıb. Bu, olduqca kədərli faktdır və Moskvanı həyəcanlandırır”- deyə V.Muxanov bildirib.
Ekspert Azərbaycan və Ermənistan prezidentləri arasında bu ilin sonuna qədər görüşün baş tuta biləcəyini də qeyd edib. Onun sözlərinə görə, Moskva bu görüşün baş tutmasında maraqlıdır. Ancaq Muxanov prezidentlərin danışıqlarının asan olmayacağını deyib.
“Moskva tərəfləri danışıqlar masası arxasına əyləşdirməyə çalışır. Aydındır ki, danışıqlar çox çətin, olduqca uzun olacaq, ancaq prezidentlərin görüşü faktının özü Rusiyanın rolunun əhəmiyyətini göstərir”- deyə ekspert bildirib.
Vadim Muxanov - MDBMİ Qafqaz və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin baş elmi əməkdaşı
Rusiya XİN-in rəsmi açıqlamasında isə deyilir ki, Sergey Lavrov İrəvanda “qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələləri” müzakirə edəcək.
Daha əvvəl Lavrovun qəfil İrəvan səfərini şərh edən keçmiş dövlət müşaviri Qabil Hüseynlinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı Rusiyalı nazir həmçinin enerji məsələlərinə də toxuna bilər.
Səfər regionda baş verən iqtisadi və siyasi münasibətlərin gərgin olduğu bir vaxtda reallaşır. İran, Rusiya, Gürcüstan və Azərbaycan bir-biri ilə təbii qaz və neft alış-satışına dair müzakirələr region mediasının əsas mövzusudur və Lavrovun erməni həmkarı ilə bu məsələni də müzakirə edəcəyi istisna edilmir.
Sergey Lavrov - Rusiyanın xarici işlər naziri./anspress/