“Biz Rusiyada milli tariximizə keçən ilk terrorun çeçen və ya Şimali Qafqazdakı müsəlman terrorçuları tərəfindən deyil, erməni millətçiləri tərəfindən həyata keçirildiyini unuduruq”.
Məlumata görə, bu sözləri rusiyalı politoloq, “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” kitabının müəllifi Oleq Kuznetsov Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Rusiyada təbii olaraq bu barədə susurlar: “Moskva metrosunda ilk partlayış 8 yanvar 1977-ci ildə baş verib və ermənilər tərəfindən törədilib. Gələn il Rusiya tarixinə düşən bu faciəvi hadisənin 40 illik yubileyi qeyd ediləcək”.
O. Kuznetsov qeyd edib ki, SSRİ-nin süqutunun əsas səbəblərindən biri də Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə nəticələnən Ermənistan-Azərbaycan münaqişəsi olub.
Politoloqun sözlərinə görə, erməni terroru XIX əsrin sonlarından meydana çıxıb: “Ermənilər əvvəlcə sosial-dini qruplaşma kimi fəaliyyət göstərirdi. Lakin əsrin sonlarına yaxın ermənilər arasında sosial-siyasi qruplaşmalar meydana gəlməyə başladı ki, onlar da öz ideallarının reallaşması üçün terroru vasitə olaraq istifadə etməyə başladılar. Erməni siyasi qruplaşmalarından “Hnçak”, “Daşnaksutyün” açıq şəkildə terrorun öz siyasi fəaliyyətlərinin başlıca vasitəsi olduğunu deyirdilər. Bunun belə olmasının obyektiv səbəbləri var: Ermənilər heç vaxt, heç yerdə etnik çoxluq olmayıblar. Və buna görə də hər hansı ərazi vahidindən, onun resurslarını səfərbər edərək, milli dövlətlərini yaratmaq üçün istifadə edə bilməzdilər. Çünki Qafqaz xəritəsində elə nöqtə yoxdur ki, ermənilər say etibarilə digər etnik, dini qrupları üstələsinlər. Onların müharibəyə pulu olmayıb. Terrorizm isə iqtisadi nöqteyi-nəzərdən hakimiyyət uğrunda mübarizənin ən ucuz vasitəsidir. İstənilən halda, bu, marginalların apardığı mübarizədir”.
Erməni terrorunun erməni sosialistlərinin məhsulu olduğunu deyən O. Kuznetsov onların hətta erməni qriqoryan kilsəsinə qarşı da terror həyata keçirdiklərini diqqətə çatdırıb.
Xatırladaq ki, “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” kitabı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti materialları, erməni terrorçularının Azərbaycan və Rusiya ərazisində törətdikləri cinayətlərə dair işləri əsasında yazılıb./apa/