Rusiyadakı xarici vətəndaşların patentə görə ödənişi artırılıb. Yeni qanun Azərbaycan, Moldova, Özbəkistan, Tacikistan və Ukrayna vətəndaşlarına aiddir.
Məlumata görə, qanun 2016-cı il yanvarın 1-dən etibarən qüvvəyə minəcək. Beləliklə, Rusiyadakı miqrantlar bu ölkədə əmək fəaliyyəti ilə məşğul olmaq üçün patentin dəyəri 4,2 min rubla (təxminən 69 manat) qədər artırılıb.
Halbuki 2015-ci il yanvarın 1-də qəbul edilən qərara əsasən, Moskvada miqrantlar üçün aylıq patent dəyəri 4 min rubl (təxminən 65 manat) dəyərində müəyyən edilmişdi.
Rusiyanın müvafiq qurumları yeni qərarı şərh edərkən bildiriblər ki, bu, miqrantların vergi yükünü Rusiya vətəndaşlarının vergi öhdəliyinə yaxınlaşdıracaq. Bu isə öz növbəsində əmək bazarında, xüsusilə miqrantların əməyinin daha çox istifadə edildiyi sahələrdə Rusiya vətəndaşlarının miqrantlarla rəqabət aparmasına imkan yaradacaq. Bundan başqa, Rusiya bunun sayəsində dövlət büdcəsi gəlirlərinin artacağına da ümid edir.
Miqrasiya Komitəsi yanında İctimai Şuranın sədri Azər Allahverənov Rusiyada miqrantlarla bağlı yeni qərar haqqında danışarkən bildirib ki, əmək qanunvericiliyində hər hansı dəyişiklik, xüsusilə sərtləşdirmə olursa, bu, əmək fəaliyyəti ilə məşğul olan miqrantlara bilavasitə təsir edir.
Azər Allahverənov - Miqrasiya Komitəsi yanında İctimai Şuranın sədri
"Patent dəyərinin artırılması da Rusiyada patent almaqla fəaliyyət göstərən miqrantlara təsir edəcək. Çünki onların gəlirləri son zamanlar bir sıra iqtisadi və siyasi səbəblərlə - Rusiyaya qarşı sansksiyaların tətbiqi, rublun ucuzlaşması, iş yerlərinin azalması, miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi azalmışdı. Odur ki, ödənişin artırılması gəlirləri azalan miqrantlar üçün əlavə çətinliklər yaradacaq", - deyə Azər Allahverənov bildirib.
Bununla belə, o, bir çox miqrantların öz iş yerlərini itirməmək üçün yeni qiymətlərlə patent alaraq Rusiyada fəaliyyətlərini davam etdirəcəklərini də vurğulayıb.
Ümumiyyətlə, son bir neçə ildə Rusiyada fəaliyyət göstərən miqrantların sayında azalma olub. Əgər 1-2 il əvvəl Rusiyada əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlıların sayı 615 min idisə, son proseslər nəticəsində onların sayı təxminən 550 minə qədər azalıb.
Bu azalmaya Rusiyada miqrantlara qarşı qanunların sərtləşdirilməsi də təsir edib. Belə ki, miqrasiya haqqında daha əvvəlki qanuna görə, Rusiyada olduğu müddətdə qanunu pozan miqrantlar ölkədən çıxarılır.
Bir sözlə, görünən odur ki, dünyada baş verən siyasi, iqtisadi proseslər, eyni zamanda terror təhlükəsi dünya ölkələrini, o cümlədən Rusiyanı müxtəlif tədbirlər görməyə vadar edir. Bu proseslər isə Azərbaycandan da yan keçmir, azərbaycanlıların həyatına bu və ya başqa formada təsir edir.
Azərbaycan isə bu təsirlərə mümkün qədər az məruz qalmaq üçün öz iqtisadiyyatını gücləndirməli, neftin qiymətinin aşağı olduğu bir dövrdə qeyri-neft sektorunu inkişaf etdirməlidir.
Çünki qeyri-neft sektorunun, xüsusilə turizmin inkişaf etdirilməsi xaricdəki azərbaycanlı miqrantların ölkəyə qayıtdığı təqdirdə müxtəlif sahələrdə işlə təmin edilməsinə imkan yarada bilər./anspress/