Rusiya prezidentinin Saxalin vilayəti üzrə səlahiyyətli nümayəndəsi olmuş Vitali Quliy ekstremizmdə şübhəli bilinərək saxlanılıb.
“Lenta.ru” saytına istinadən verilən xəbərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onu Moskva-Kişinyov təyyarəsindən düşürüblər.
Vəkil Daqir Həsənovun sözlərinə görə, sabiq məmurun saxlanılmasına səbəb onun müəllifi olduğu kitab olub. O qeyd edib ki, cinayət işi nifrət və düşmənçilik hisslərinin aşılanması maddəsi ilə açılıb.
Qeyd edək ki, V. Quliy 1991-1993-cü illərdə Boris Yeltsinin Saxalin vilayəti üzrə səlahiyyətli nümayəndəsi olub. Sonra prezident administrasiyasında şöbə müdiri, bölgələrdə prezidentin səlahiyyətli nümayəndələrinin fəaliyyətinin koordinasiyası üzrə idarə rəisinin müavini vəzifələrində çalışıb./APA/