Rusiyada Federal Təhlükəsizlik Xidmətinin bazasında Dövlət Təhlükəsizliyi Nazirliyinin yaradılması planlaşdırılır.
“Kommersant”a istinadən verilən məlumata görə, yeni quruma xarici kəşfiyyat və mühafizə xidməti daxil olacaq.
Həmçinin İstintaq Komitəsinin Baş Prokurorluğun tərkibinə qaytarılacağı, Fövqəladə Hallar Nazirliyinin funksiyalarının isə müdafiə və daxili işlər nazirlikləri arasında bölüşdürüləcəyi nəzərdə tutulur.
Nəşrin əldə etdiyi məlumatlara görə, faktiki olaraq söhbət Federal Təhlükəsizlik Xidmətinə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin funksiyalarının qaytarılmasından gedir. Yeni strukturun Dövlət Təhlükəsizliyi Nazirliyi statusu əldə edəcəyi gözlənilir. Bu qurumun ən səs-küylü işləri icraata götürə biləcəyi yaxud da əsasında öz materiallarının yer aldığı cinayət işlərinə nəzarəti ələ keçirəcəyi istisna deyil.
Sözügedən islahatın 2018-ci il prezident seçkilərinədək başa çatacağı ehtimal olunur. /apa/