Rusiya Müdafiə Nazirliyi Xəzər dənizindəki donanmasından terrorçuların mövqelərinə atılmış raketlərin videosunu yayıb.
Məluamta görə, Xəzər dənizindəki rus donanmasından terrorçuların Raqqa, İdlib və Hələb şəhərlərindəki hədəflərinə 18 qanadlı raket zərbəsi endirilib.
Dünən Rusiya donanması İŞİD terrorçu qruplaşmasının Suriyadakı mövqelərinə növbəti dəfə Xəzər dənizindən raket zərbələri endirib. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib. Nazir prezidentə məruzəsində Xəzər dəniz donanmasından atılan bütün 18 raketin terrorçuların hədəflərinə düşdüyünü qeyd edib. Bunun nəticəsində İŞİD terrorçu qruplaşmasının xeyli sayda canlı qüvvəsi ilə yanaşı hərbi texnikası məhv edilib.
Rusiya donanması
Rusiya bundan əvvəl də Suriyadakı İŞİD mövqelərini Xəzər donanmasından bombardman etmişdi. Rusiya oktyabrın 7-də Suriya ərazisini Xəzər dənizindən bombaladığını açıqlamışdı. Müdafiə naziri Şoyqu elə həmin gün də bu barədə Putinə məruzə etmişdi.
"İŞİD-in mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərinin Xəzər dənizi akvatoriyasından endirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla həyata keçirilib və bütün hədəflər məhv edilib", - deyə Şoyqu bildirmişdi.
Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüş
Rusiyanın rəsmi açıqlamasından əvvəl də Qərb və Rusiya mətbuatlarında Suriya ərazisinin Xəzər dənizindən bombaladığı barədə məlumatlar yayılmışdı. Rusiya qırıcılarının uçuş marşrutunun Azərbaycan, Xəzər dənizi, İran və İraq üzərindən keçdiyi göstərilir. Rusiyanın İŞİD-i məhv edəcəyini qarşısına məqsəd qoyduğu bir vaxtda NATO, Ərəb dövlətləri, Avropa İttifaqı və digər dövlətlər buna etiraz edir. Onlar Rusiyanın İŞİD mövqelərini deyil, Bəşər Əsədə qarşı döyüşən müxaliflərin ərazilərini bombaladığını deyirlər.Rusiya həmçinin Türkiyənin hava sərhədlərini pozmaqda günahlandırılır.
Dünən Türkiyə tərəfi Suriyada türkmənlərin yaşadığı ərazilərə zərbələr endirməsi ilə əlaqədar etiraz edib. Türkiyə Rusiya hərbçilərini Suriya türkmənlərinin yaşadığı Bayırbucak qəsəbəsinə aviazərbələr vurmaqda ittiham edir. Suriya türkmənləri Suriyanın şimalında yaşayan türk xalqıdır. Bu ölkənin ən böyük etnik qruplarından biri sayılır. Daha əvvəl noyabrın 25-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfərinin planlaşdırılması haqqında məlumat yayılıb./anspress/