Rusiya-Türkiyə gərginliyi yeni fazaya keçib. İndi tərəflər bir-birinin İŞİD-lə əməkdaşlığını sübut etmək məqsədilə faktlar təqdim etməyə çalışırlar. Niyə "çalışırlar" deyirik? Ona görə ki, təqdim olunanların faktlığı hələ ki, şübhəlidir.
Məsələn, Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəlililəri foto şəkil və video kadrlar nümayiş etdirirlər və bunu Türkiyənin İŞİD-lə neft işbirliyinin təsdiqi kimi təqdim edirlər. Amma gəlin görək nə var bu kadrlarda? Adicə yük maşınları karvanı. Nə qədər ciddidir bunları göstərmək və iddia etmək ki, bunlarla iŞİD nefti daşınır. Bizdə bunlara el dilində tırlar deyirlər. Yaxşı balam, indi necə olsun day, heç kim Türkiyəyə alver etməyə də getməsin.
Axı hamı bilir ki, Suriya və İraq əksər mallarla Türkiyə vasitəsilə təmin olunur, burda neftdən başqa da biznes münasibətləri var. Burda hardadır rusca benzovoz? Əsas fakt da bu kadrdır. Nə var, nə var, burda Türkiyə bayrağı dalğalanır. Ay balam bayraqdı da, Türkiyə bayrağıdı da. Türkiyə ərazisində Türkiyə bayrağı olar da. Sübut yox, dəlil yox, elə deyirlər e. Belə psedofaktlarla inandırmaq çətindir.
Azərbaycan təbii ki, bütün bunlardan sonra Türkiyənin tərəfindədir. Amma hər şey daha mürəkkəbdir. Kimsə, lap elə Rusiya neft qaçaqmalçılığı ilə mübarizə aparırsa, biz onun tərəfində olmalıyıq… Poeziya buketi, nəğmə çələngi, qardaşlıq mahnıları bütün bunlar öz yerində. Amma neftin barreli artıq 43 dollardan da aşağı düşməyə başlayıb. İŞİD nefti 15 dollara satır. Əlbəttə bu Azərbaycanın da kisəsindən, büdcəsindən gedir. Belə çıxır ki, Rusiya İŞİD-lə mübarizə aparırsa, amma İŞİD-lə mübarizə aparırsa, bizim neftimizin qiymətini də qoruyur. Rusiya və Türkiyə. Açıq danışaq.
Azərbaycan hər iki tərəfsiz yaşaya bilməz. Bir daha təkrar edirik. Biz Türkiyəni müdafiə edirik. Çünki Rusiya tərəfinin nümayiş etdirdiyi dəlil-sübut sayıla bilməz. Ona görə ki, dəlilər-sübuta qətiyyən oxşamır. Amma eyni zamanda Suriya ərazisində qeyri-qanuni neft alverinin qarşısını almaq uğrunda döyüşdüyünə görə biz Rusiyaya təşəkkür etməliyik. Hansı azərbaycanlı istəmir ki, neftin qiyməti əlverişli həddə çatsın. Neftin barrelinin 150 dollara olan xoş vaxtlarımız hanı? Bir ilin içində yorğanımız necə qısaldı? İndi ayağımızı bundan artıq qısalda da bilmirik. Onda gərə ayağımızı kəsək. .
Başqa bir məsələ. Sanksiyalardan danışaq. Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar nə qədər əcayib səslənsə də, bu gün Azəbaycanın əlinə işləyir. Əlbəttə iki dövlətin bir milləti kimi biz Türkiyənin üzləşdiyi problemdən üzgünük. Amma başqa tərəfdən bu dediyimiz şərin gətirdiyi xeyir də var. İndi tranzit yükləri çoxalacaq. Amma az idi, niyə? Çünki türk sürücülər Rusiyadan keçməklə böyük dairə vurmalı olurdular ki, baş ağrısı olmasın. Azərbaycan tranzit ölkədir. Buna qədər biz Şərqdən Qərbə çıxırdıq. Təsadüf elə gətirdi ki, Azərbaycan indi həm də Qərbi Şərqə aparan yola çevrilir.
Bizim vasitəmizlə Çin Avropaya mal aparmalıydı. İndi Türkiyədən Orta Asiyaya gedən yüklər bizdən keçməli olacaq. Bu isə Azərbaycanı Orta Asiya ölkələri üçün də mühüm tərəfdaşa çevirir. Hətta belə demək olarsa bizdən, bizim qərarımızdan asılı ölkələrin sayı artacaq.
Prezident İlham Əliyev bu yaxınlarda məhz post neft periodunda yük daşımalarının əhəmiyyətindən danışmış, bu sahəyə xüsusi əhəmiyyət verməyi tapşırmışdı:
“Şimal-Cənub dəhlizi bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün bizim ərazimizdən daşınması deməkdir. Bu da həm siyasi, həm iqtisadi gəlirlər gətirəcək. Dövlətin maraqları bu dəhlizi elə etməkdir ki, daha yükü göndərənin başı ağrımasın, daha 10, 20 ünvana getməsin, bunu elektron yollarla, e-maillə, müasir üsullarla həll etsin. Bu, məsələnin bir hissəsidir. Bunu biz yaratmalıyıq və artıq göstərişlər verilib. Burada çox ciddi koordinasiya işləri aparılmalıdır. Yaxın vaxtlarda mənə konkret təkliflər veriləcəkdir. Digər məsələ ondan ibarətdir ki, biz gərək gedək o yükləri gətirək. Biz gərək deyək ki, gəlin Azərbaycan ərazisindən keçin. Ona görə, burada bu iki amil çox ciddi məna daşıyır. Əminəm ki, burada qarşıya qoyduğum vəzifələr tezliklə öz həllini tapacaq".
Dövlət başçısı əslində Şərqdən Qərbə doğru daşımanı nəzərdə tuturdu. Bu tərəfdən də Qərbdən Şərqə səmt də sözün həqiqi mənasında göydən düşdü. Vurulmuş bombardmançıyla bir yerdə.
Amma biz burda da ehtiyatlı olmalıyıq. Türkiyədən Azərbaycan Rusiyanın Türkiyədən aldığından çox qəbul etməməlidir. Bəlkə hələ bu həcm bir qədər az olmalıdır. Qıcıq doğurmasın deyə./Hesabat-Mir Şahin/