Moskva şəhərinin Şeremetyevo hava limanının V terminalının və tunelin tikintisində Türkiyə şirkətləri iştirak etmək istəyirlər.
Məlumata görə, bu barədə hava limanının baş direktoru jurnalistlərə açıqlamasında deyib.
“Biz terminal və tunelin tikintisi ilə bağlı layihələri hazırlamışıq. Hazırda baş podratçı ilə müsabiqə mərhələsindəyik. Bundan əvvəl layihəyə 3 şirkət iddia edirdi. Amma iddiaçı şirkətlərdən biri olan Strabag şirkəti yanvarın 15-də müsabiqədən çəkildi. İndi “Limak Holdinq” və "Renaissance Construction" şirkəti layihəyə sərmayə qoymaq istəyirlər”, - deyə Mixail Vasilenko bildirib.
Onun sözlərinə görə, həmin şirkətlər Rusiyada qeydiyyata alınsa da, türk köklərinə malikdirlər.
Şeremetyevo hava limanı
Layihə üçün 630 milyon dollar lazım olacaq. 2016-cı ildə V terminalından F-ə qədər vahid baqaj sistemi yaradılacaq. Bu terminal ildə 380 min ton yük qəbul etmək imkanına malik olacaq. Layihənin tikintisinə təxminən 70 milyon dollar lazım olacaq.
Şeremetyevo hava limanının yerləşdiyi ərazi
Layihədə ən diqqət çəkən məqam isə tikintidə türk şirkətlərinin iştirak etməsidir. Çünki 2015-ci ilin noyabrın 24 –də Türkiyənin Rusiya hərbi qırıcısını vurduqdan sonra ölkələr arasında münasibətlər gərginləşib. Həmin vaxtdan etibarən Rusiya Türkiyəyə bir neçə iqtisadi və siyasi sanksiyalar tətbiq edib.
Hətta iki ölkə arasında həyata keçirilən ən böyük layihələrdən biri olan “Türk Axını” qaz boru kəmərinin tikintisi müvəqəti olaraq dayandırılıb. Həmçinin metal qıtlığından isə Rusiyanın Sankt-Peterburq vilayətinin Peterqof şəhərində yerləşən “Bosch-Siemens” soyuducu zavodu işini dayandırıb. Bu isə hər iki ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyib.
Bütün bu iqtisadi sanksiyalardan sonra Rusiya yavaş-yavaş geri addım atmağa başladı. Rəsmi Moskva Türkiyənin müxtəlif şirkətlərinə ölkədə fəaliyyət göstərməyə şərait yaratmağa başlayıb. Bu isə göstərir ki, regionun iki ən güclü dövlətinin bir-biri ilə əməkdaşlıq etməməsinin qeyri-mümkündür. /anspress/