Azərbaycanın strateji müttəfiqi olan Türkiyə nüvə dövləti olmaq yolunda ilk addımını atıb. Rusiyanın dəstəyilə yaradılan yeni nüvə stansiyasının tikintisi heç də ölkədə hamının ürəyincə olmayıb.
Nüvə dövlətləri sırasına Türkiyə də qoşulur. Bu gün Mersin vilayətində Türkiyənin Akkuyu ilk nüvə stansiyasının təməlqoyma mərasimi keçirilib.
Atom elektrik stansiyasını Rusiyanın “Rosatom” zavodu tikəcək. Hələ Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri zamanı iki ölkə arasında razılaşma olmuşdu. Danışıqlar 10 il çəkib. Artıq 4 il sonra Türkiyə enerji əldə edə biləcək.
Türkiyənin enerji naziri Taner Yıldız stansiyanın 2100-cü ilədək enerji istehsal edəcəyini, vaxtında inşa edilsəydi, bugünkü qədər enerji asılılığımız olmazdı söyləyib. Nüvə enerjisinə malik olmağa ehtiyacın haradan yaranması ilə bağlı Taner Yıldız fikrini belə əsaslandırıb ki, inkişaf edən ölkənin atom stansiyası mütləq olmalıdır:
Nüvə stansiyasına Azərbaycan əsilli Fuad Axundov rəhbərlik edir. İnşasına başlanan stansiyada 10 min nəfər çalışacaq. Türk mühəndislər Rusiyaya ixtisas artırmağa yollanıblar. “Rosatom”un direktoru Sergey Kiriyenko bildirib ki, Akkuyu 100 faiz Rusiya sərmayəsilə inşa edilir. Kiriyenko Fukusima, Çernobl qəzalarından sonra yeni tikilən stansiyalarda ən müasir texnologiyadan istifadə olunaraq təhlükəsizlik tədbirləri görüldüyünü diqqətə çatdırıb.
Nüvə reaktorunun inşası etirazlara səbəb olub. Mersin vilayətində keçirilən aksiyada “Biz nüvə istəmirik” şüarları səsləndirilib.
Əraziyə çox sayda polis qüvvələri cəlb olunub. Polis aksiyanı dağıtmaq üçün su şırnaqlarından istifadə edib./anspress/