Rusiya iyunun 19-dan etibarən Suriya səmasında insidentlərin qarşısının alınması haqqında memorandum çərçivəsində ABŞ ilə əməkdaşlığı dayandırıb.
"RİA Novosti"yə istinadən xəbər verilir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bundan əvvəl ABŞ-ın başçılıq etdiyi koalisiyanın aviasiyasının Rakka əyalətində Suriyanın "Su-22" təyyarəsi SDQ mövqeləri yaxınlığına bomba atdıqdan sonra vurduğu barədə məlumat verilib. Rəsmi Dəməşq isə Suriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin İŞİD-ə qarşı döyüş tapşırığı yerinə yetirdiyini bildirib.
Qeyd edək ki, Rusiya və ABŞ arasında Suriyada əməliyyatlar zamanı insidentlərin qarşısının alınması və aviasiyanın uçuşlarının təhlükəsizliyinin təmin edilməsi haqqında memorandum 2015-ci il oktyabrın 20-də imzalanıb.
Sənəd Suriya Ərəb Respublikasının hava məkanında bütün təyyarə və pilotsuz uçan aparatların fəaliyyətini tənzimləyir və uçuşların təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub./Report/