Bu gün Rusiya Federasiyasının Ankaradakı səfiri Andrey Karlov Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
“Hürriyet”ə istinadən verilən məlumata görə, səfirə dekabrın 6-da İstanbul boğazından keçən Rusiya hərbi gəmisinin göyərtəsində bir əsgərin nümayişkaranə şəkildə çiynində aviasiya əleyhinə zenit-raket kompleksi tutması faktı ilə əlaqədar rəsmi etiraz bildirilib.
Qeyd edək ki, Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Sezar Kunikov” adlı desant gəmisi dekabrın 6-da İstanbuldan keçərkən gəminin göyərtəsində bir rus əsgəri çiynində hava hədəflərini vurmaq üçün istifadə olunan silah tutub. Bu silahın “Strela” və ya “İqla” daşınan zenit-raket kompleksi (PZRK) olduğu güman edilir. Əsgərin fotoları Türkiyə mediasında yayıldıqdan sonra xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya hərbçilərinin bu hərəkətini provokasiya adlandırıb. Dənizçilik, kommunikasiya və rabitə naziri Binəli Yıldırım isə bu addımı 1936-cı ildə imzalanmış və Türkiyə boğazlarındakı hüquqi rejimi müəyyən edən Montrö Konvensiyasının pozulması kimi qiymətləndirib. Xatırladaq ki, həmin sənədə əsasən Türkiyə özünə qarşı hər hansı ölkədən hərbi təhlükə hiss edərsə, boğazları həmin ölkənin hərbi gəmiləri üçün bağlaya bilər. Hadisədən sonra NATO-ya məxsus 3 hərbi gəmi boğazda lövbər salıb./apa/