Rusiya silahlı qüvvələrinin hərbçiləri Suriyada Bəşər Əsədin tərəfində mübarizə aparırlar. Məlumata görə, bu haqda xəbəri "The Times" qəzeti bu gün Suriya dövlət televiziyasına istinadən yayıb.
Bildirilir ki, Dövlət telekanalında yayımlanan video çarxda rus dilində danışan əsgərlər görünür və eşidilir. Onların yanında Rusiya istehsalı olan və keçən il ordunun istifadəsinə verilən müasir BTR-82A tipli bronetransportor (piyadaları və hərbi sursatı daşımaq üçün zirehli avtomobil) görünür. Video çarxda bəzi məqamlarda rus dilində əmr verən səs eşidilirdi.
Məlumatda Rusiya hərbçilərinin Latakiya limanında müxalif qüvvələrə qarşı mübarizə apardığı deyilir.
Rusiya hərbçilərinin Suriyada mübarizəyə qoşulması haqda xəbərləri başqa kütləvi informasya vasitələri də verir. Belə ki, Böyük Britaniyanın "Telegraph" qəzeti "Ən-Nüsrə" cəbhəsinin tvitter hesabına istinadən bildirib ki, Rusiyanın pilotsuz uçan aparatları Suriyanın İdlib şəhəri üzərində görünüb.
Suriya dövlət telekanalının yayımladığı və təlim və döyüşlərdə iştirak etdiyini bildirdiyi Rusiya istehsalı BTR-82A
İndiyədək bir neçə dəfə Rusiya hərbi mütəxəssislərinin Suriyada olması haqqında xəbərlər yayılmışdı. Onların xüsusilə Əsəd ordusunun hərbçilərinin təlim keçdiyi düşərgələrdə yerləşdirildiyi bildirilir. Buradakı təlimlər ordunun Suriyaya müxalif qüvvələrə və İŞİD terror qruplaşmasına qarşı yönəlib.
Rusiya hərbçilərinin Suriya döyüşlərində iştirakı haqqında xəbərlər rəsmi Moskvanın Suriya münaqişəsinin həllində iştirak etmək niyyətindən sonra yayılmağa başlayıb. ABŞ-la bu haqda müzakirələr aparılsa da müsbət nəticə əldə edilməmişdi. Çünki Rusiya "Əsəd qalacaq" mövqeyindən geri çəkilmirdi. Suriyanın xarici işlər naziri Valid əl-Muallimin bəyanatı da bunu təsdiq edirdi. O, çıxışlarının birində "Putin bizə siyasi, iqtisadi və əsgəri dəstək verəcəyini bildirib" demişdi.
Suriyanın xarici işlər naziri Valid əl-Muallim və Rusiyanın XİN rəhbəri Sergey Lavrov
Foto: AP
Digər tərəfdən isə ABŞ-ın başçılığı ilə koalisiya qüvvələri Suriyaya hərbi zərbələr endirirlər. Bu zaman isə rus hərbçilər də onların qurbanı ola bilər. Belə olan halda gərgin olan Rusiya-ABŞ münasibətləri daha da gərginləşə bilər./anspress/