Rusiya prezidenti Vladimir Putin martın 15-dən Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılması barədə əmr verib. Məlumata görə, bu barədə “TASS” dövlət agentliyi xəbər verib.
Bildirilir ki, Rusiya prezidenti xarici işlər naziri Serqey Lavrov və müdafiə naziri Serqey Şoyquyla görüşdə bu barədə danışıb.
"Hesab edirəm ki, Müdafiə Nazirliyi qarşısına qoyulmuş tapşırıqları bütovlükdə yerinə yetirib. Buna görə sabahdan etibarən Suriya Ərəb Respublikasından bizim hərbi birləşmələrimizn əsas hissəsinin çıxarılmasına başlamağı əmr edirəm", - deyə Putin bildirib.
Daha əvvəl Fransa, Böyük Britaniya, Almaniya və İtaliya liderləri telefon söhbəti zamanı Suriyada vəziyyəti nizama salmaq üçün Suriya hakimiyyətinə təsir göstərmək xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin bu barədə Bəşər Əsədlə telefonla danışdığını qeyd edib. Putin Suriyanın başçısı ilə Rusiya hərbi qüvvələrinin yerdəyişməsi barədə qəbul olunmuş qərarı razılaşdırıb.
Rusiya sentyabrın 30-dan etibarən Suriya ərazisini bombalayır. Hava hücumları Su-24M, Su-30SM, Su-25 və Su-34 daxil olmaqla aviaqrup tərkibində 50 təyyarə və helikopter var.
Rusiya Suriya ərazisində terrorçulara qarşı sentyabrın 30-dan başlatdığı əməliyyatlarda "Hmeymim" hərbi bazasından minlərlə hərbi uçuş edilib və terrorçuların 1500 dən çox obyekti dağıdılıb. Həmçinin bir müddət əvvəl yayılan məlumatlarda Rusiyanın Suriyaya dəniz yolu ilə silah-sursat və ərzaq yardımı aparan gəmilərinin sayının 100-dən çox olduğu bildirirdi./anspress/