Rusiyada yeni yüksək kükürdlü neft sortunun yaradılması ideyası ciddi narahatlıq doğurub.
Məlumata görə, «Transneft» şirkətinin ucuz neft sortu yaratmaq barədə yeni təklifini dəyərləndirən hökumət təmsilçiləri narahatlıq bildiriblər.
«Transneft» təklif edir ki, Rusiyanın əsas sortu Urals neftinin qiymətini qaldırmaq üçün yeni ucuz Urals Heavy neft sortu yaradılsın. Şirkətin fikrincə, Rusiyanın Ural-Volqaboyu regionlarında hasil edilən neft məhsulları bu marka altında satılır.
Lakin Rusiya energetika nazirinin müavini Kiril Molodsov bildirib ki, bu təklifin iqtisadi yararlı olub-olmadığını hesablamaq lazımdır. Onun sözlərinə görə, bu addım Rusiya neftinin xeyli hissəsinin qiymətinin iki dəfə düşməsinə səbəb ola bilər.
Kiril Molodsovun fikrincə, Urals Heavy nefti Urals neftindən 4-20 dollar ucuz satıla bilər. Hazırda isə Urals nefti Brent neftindən 2 dollar ucuz satılır və qiyməti barrel üçün təxminən 45 dollara bərabərdir.
«Mən belə düşünürəm ki, hələ ki, bizim neftləri qarışdırıb satmaq imkanımız var. Urals ilə apardığımız siyasət daha doğrudur»,- deyə Molodsov vurğulayıb.
«Transneft»in təklifinə görə, Urals Heavy neftinin tərkibində kükürd 2,3-3,5% və daha çox təşkil edə bilər. Urals neftində isə kükürd 1,3-1,7% təşkil edir.
Rusiyada neft mədəni
Rusiya Energetika Nazirliyinin məlumatına görə, hazırda Rusiyadan 60 milyon ton kükürdlü neft ixrac edilir və hər il bu rəqəm 2,5 milyon ton artır. Bu isə dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasına səbəb ola bilər. Neft ixrac edən ölkələrin, eyni zamanda Azərbaycanın iqtisadiyyatı bu təhlükədən zərər görə bilər.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban müsahibəsində bunun Rusiyanın neft ixracatının 25 faizini təşkil etdiyini bildirir: «Rusiyada ildə 550 milyon tona yaxın neft hasil edilir. Bunun 250 milyon tona yaxını ixrac edilir».
Buna görə, İlham Şaban Rusiya Energetika Nazirliyinin ehtiyatlı davranışını məntiqli sayır: «İlk baxışdan elə hesab etmək olar ki, kükürdlü nefti ayırmaqla Rusiya öz neftini Brent qiymətinə sata bilər. Amma kükrdlü nefti nə edəcək? Bunun üçün xüsusi texnologiya lazımdır. Qazaxıstan öz neftindən kükürdü təmizləyir, 3 milyon tona yaxın kükürd toplanmışdı, onun 1 milyon tonunu Çinə satdı. 2 milyon tonu isə qalır».
Amma Rusiya «Sberbank»nın analitiki Valeri Nesterovun sözlərinə görə, 2018-ci ildə Rusiya neftinin kükürdlülük səviyyəsinin artması məsələsi ciddi problemə çevriləcək. Yəni Rusiyanın toplam neftində kükürdlü neftin payı aparıcı mövqeyə çıxacaq. Onda Moskva neftini istər-istəməz sortlara bölməli olacaq və Molodsovun dediyi qorxulu ssenari baş tutacaq: Rusiya neftinin böyük hissəsi yarım qiymətə bazara çıxarılacaq./anspress/