İsrail Hərbi Hava Qüvvələrinin 2 ədəd “F-15” təyyarəsi Suriyanın Homs əyalətində yerləşən T-4 aerodromuna zərbə endirib.
TASS-a istinadən verilən xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
Nazirlik bildirib ki, aprelin 9-da Moskva vaxtı ilə saat 03:25 və 03:53-də İsrailə aid 2 hərbi təyyarə Suriya hava məkanına daxil olmadan, Livan ərazisindən aviabazaya 8 idarəolunan raket atıb. Suriya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən raketlərdən 5-i vurulub. Rusiyalı hərbi müşavirlər arasında ölən yoxdur.
“Al-Arabiya” telekanalı hadisə nəticəsində azı 14 hərbçinin öldüyü barədə xəbər yayıb. Ölənlər arasında iranlı hərbi müşavirlərin də olduğu bildirilir.
Qeyd edək ki, hadisədən sonra Suriya hökuməti ABŞ-ı ittiham edib. Lakin Pentaqon Suriyaya hər hansı zərbə endirmədiklərini bildirib.
***
Saat 07:32
Suriyanın Homs vilayətindəki T-4 aviabazasına gecə saatlarında raket zərbəsi endirilib.
Məlumata görə, bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi məlumat yayıb. “Aviabazaya bir neçə raket zərbəsi endirilib, hücumun ABŞ tərəfindən həyata keçirildiyi istisna olunmur”, - deyə məlumatda bildirilir.
Raket zərbəsi nəticəsində ölən və yaralananların olduğu deyilir. Raketlərin Aralıq dənizi hövzəsindən atıldığı iddia edilir. Pentaqon ABŞ-ın qeyd olunan raket zərbəsi ilə heç bir əlaqəsi olmadığını açıqlayıb./apa/