Rusiya Bankı (Mərkəzi Bank) son 10 ildə qızıl-valyuta ehtiyatlarının idarə edilməsində önəmli dəyişikliklər edib. "Vestifinance.ru" saytına istinadən xəbər verilir ki, dəyişikliklər əsasən avro və qızıl ehtiyatlarına aid olub. Belə ki, son 10 il ərzində Rusiya Bankı ehtiyatlarında avronun payını 40%-dən 25,7%-ə endirib. Bu dövr ərzində dolların payı isə 40-49% diapazonunda dəyişib. Mərkəzi Bank bu dövrdə qızıl ehtiyatlarını 8 mlrd. ABŞ dollarından 73,6 mlrd. dollara, yəni 9 dəfədən çox artırıb. Ümimilikdə, oktyabr ayının 1-nə Rusiya Bankının idarəetməsində 424 mlrd. dollar həcmində aktivlər cəmlənib.
Rusiya Bankından verilən məlumata görə, avro aktivləri son bir neçə rübdə əsasən zərər gətirib. Belə ki, ilin ilk rübündə avro aktivləri orta hesabla 0,38% zərər etdiyi halda, dollar aktivləri 0,54% qazandırıb.
Rusiya Bankı qızıl ehtiyatlarını əsasən son iki ildə artırmağa başlayıb. O, bu strategiyasını valyuta məzənnələrində izafi volatilliklə əlaqələndirib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl-valyuta ehtiyatlarında 2017-ci ilin ilk yarısında dollar aktivlərinin payı 47,3%, avro - 35,9%, qızıl - 3,5% təşkil edib. Lakin, Ümumdünya Qızıl Şurasından verilən məlumata görə, ARDNF qızıl ehtiyatlarını sataraq bu aktivdə mövqeyini sıfıra endirib. ARDNF isə avqustun 4-də yaydığı məlumatda xəbəri təkzib edib və qızıl ehtiyatlarında heç bir dəyişikliyin olmadığını bildirib./Report/