Türkiyə ərazisində yerləşən Cebel əl-Aqra dağından Suriya ərazisi atəşə tutulub.
Məlumata görə, Rusiya kütləvi informasiya vasitələrində yayılan xəbərdə bildirilir ki, bu barədə Suriya ordusunun briqada generalı Əli Mayhub açıqlama verib.
Onun sözlərinə görə, ötən gecə Suriya ordusu Cebel əl-Aqra dağından minomyotlarla intensiv şəkildə atəşə tutulub: "Suriya ordusunun ali baş komandanı isə xəbərdarlıq edib ki, bu cür davranışlar çox təhlükəlidir".
Türkiyə tərəfi isə bu barədə hələlik heç bir açıqlama verməyib.
Rusiyaya məxsus Su-24 bombardmaçı təyyarənin Türkiyə qırıcısı tərəfindən vurulmasından sonra iki ölkə arasında münasibətlər korlanıb. Hər iki ölkə ordunun döyüş hazırlığı səviyyəsini artırıb.
Artıq Rusiya rəhbərliyi Suriyadakı hərbi bazasına “S-400” və “S-300” zenit-raket kompleksi göndərib. Bu sistemlər Türkiyənin 50 kilometrliyində yerləşən Latakiyə əyalətindəki Rusiya bazasında yerləşdirilib və 400 kilometrlik hədəfi vura bilir. Rəsmi Moskva bildirib ki, bü cür addımlar uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün atılıb.
Türkiyə də öz növbəsində Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini artırıb. Türkiyə Silahlı Qüvvələri ağır hərbi texnikanı Suriya sərhədinə cəmləyib.
Ötən gün Tekirdağ şəhərində yerləşən hərbi hissədən 20 tank dəmiryolu vasitəsilə Gaziantep şəhərinə gətirilib.
MT-60 tankları sərhədə gətirilərkən güclü təhlükəsizlik tədbirləri həyata keçirilib. Bundan başqa, 4 gün bundan əvvəl Gaziantepə gətirilən 60 tankın yaxın günlərdə sərhədboyu müxtəlif bölgələrə göndəriləcəyi bildirilir.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhəddə uçuşlar həyata keçirən hərbi təyyarələrin sayını da artırıb.
Suriya sərhədinə göndərilən tanklar
Baş Qərargahdan verilən açıqlamada bildirilir ki, Suriya sərhədində uçuşlar həyata keçirən Türkiyə Hava Qüvvələrinə məxsus F16 qırıcılarının sayı 18 ədədə çatdırılıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bütün quru və hava qoşun birliklərinə döyüşə hazırlıq əmri verib. “CNN Türk”ün məlumatına görə, bütün qoşun növlərində hazırlıq ən yüksək səviyyəyə çatdırılıb.
Bir neçə gün əvvəl də Türkiyə Suriya sərhədinə 20 tank göndərib. “Anadolu” agentliyi isə hərbi mənbələrinə istinadən məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri ölkənin qərb bölgəsindəki hərbi birləşmələrə məxsus 20 tankı Suriya ilə sərhədə göndərib.
Türkiyə ordusunun F-16 qırıcıları
“Ölkənin qərb regionlarında dislokasiya olunmuş 20 tank dəmiryolla ölkənin cənubundakı Qaziantep şəhərinə aparılıb. Həmin hərbi texnika buradan da hərbçilərin və polis qüvvələrin müşayiəti ilə Suriya sərhədinə yola salınıb” - deyə xəbərdə bildirilir./anspress/