Rusiya hökuməti təcili olaraq toplantı keçirir.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, iclas Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
“Sizinlə bir məsələni məsləhətləşmək istəyirəm. Gündəliyimizin vaxtında dəyişiklik olub. Saat 12:00-da (Moskva vaxtı ilə - “Report”) hökumətin təcili iclası olacaq”, - deyə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko noyabrın 16-da şuranın toplantısında bildirib.
Xəbərdə onun iclasın çağırılma səbəbi haqda məlumat vermədiyi vurğulanıb.
Qeyd edək ki, ötən gün Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açılıb. O, "Başneft"in dövlət səhmlərinin "Rosneft"ə satılması ilə bağlı sövdələşmənin müsbət qiymətləndirilməsi üçün 2 milyon dollar məbləğində rüşvət almaqda şübhəli bilinir.