Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edə bilər.
Məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının MDB, Avrasiyada inteqrasiya və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Baku” saytına müsahibəsində deyib. O bildirib ki, Milli Məclisin sədri Oqtay Əsədov adından Vyaçeslav Volodinin adına dəvət var: “Vyaçeslav Viktoroviç hazırda bu səfərin mümkünlüyünə baxır. Səfərin tarixi müzakirə olunur”.
L. Kalaşnikov Dövlət Dumasının komitələrinin Azərbaycanda iclas keçirəcəyi ilə bağlı məlumatlara, həmin iclasların nə vaxt keçiriləcəyinə, hansı məsələlərin müzakirə ediləcəyinə və Azərbaycanla əməkdaşlıq üzrə 2017-ci ildə hansı planların olduğu məsələlərinə də aydınlıq gətirib. O, rəhbərlik etdiyi komitənin Azərbaycanda iclas keçirəcəyini və bunun ilin birinci yarısında baş tutacağını söyləyib: "Toplantı çox güman ki, martdan sonra keçiriləcək. İl ərzində komitəmiz müxtəlif ölkələrlə birgə iclaslar keçirməyi planlaşdırır. Azərbaycan bizim çox vacib tərəfdaşımızdır. Bu ölkədə də birgə iclas keçirəcəyik. Hələlik tarixi deyə bilmirəm. Azərbaycanlı həmkarlarımızla bunu razılaşdırmalıyıq. Lakin iclas mütləq keçiriləcək. Müxtəlif məsələlər müzakirə olunacaq. Sözsüz ki, Avrasiya inteqrasiyası da müzakirə ediləcək. İkitərəfli rejimdə iqtisadi əlaqələrimizin parlament müstəvisini razılaşdırmalıyıq, Xəzər dənizi ilə bağlı məsələləri, humanitar əməkdaşlıq, xüsusilə də mədəniyyət sahəsində əməkdaşlıq məsələlərini müzakirə etməliyik”.
Rusiyalı deputat rəhbərlik etdiyi komitənin Azərbaycanla dostluq münasibətlərinin olduğunu vurğulayıb: “Mən komitə sədri kimi bu münasibətləri dəstəkləmək və hərtərəfli inkişaf etdirmək üçün səylər göstərirəm. Bizim komitə bunda maraqlıdır. Azərbaycanla birgə parlamentlərarası iclasdan başqa, il ərzində ayrıca işgüzar görüş də keçiriləcək”./apa/