"Rusiya ABŞ-nı təhlükə mənbəyi hesab edir və buna əsaslanaraq qərarlar qəbul edir".
Məlumata görə, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Rusiya, İran və Şimali Koreyaya qarşı birtərəfli sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsini qəbul etməsini şərh edən nazir müavininin sözlərinə görə, bu, ABŞ-dakı Rusiya düşmənlərinin şüurlu seçimidir.
“Onlar təlxəklik edib öz həddini bilmirlər. Bunu belə anlamaq və sakit tərzdə, təmkinlə, götür-qoy edib hərəkət etmək lazımdır. Baş verənlər məntiqə və sağlam düşüncəyə sığmır”, - deyə o bildirib
Nazir müavini Vaşinqtonun hərəkətlərini Rusiya ilə münasibətləri normallaşdırmaq perspektivlərini məhv etmək istiqamətində atılan addım adlandırıb.
Qeyd edək ki, iyulun 25-də Nümayəndələr Palatası mütləq səs çoxluğu ilə (419 lehinə, 3 əleyhinə) Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edib. Qanun qəbul ediləcəyi təqdirdə ABŞ şirkətləri və fərdi şəxslərə 14 gündən çox müddətə Rusiya banklarını kreditləşdirmək qadağan ediləcək. Hazırda bu müddət 90 gün təşkil edir. Həmçinin Rusiyanın neft-qaz sənayesində çalışan şirkətlərin kreditləşmə müddətinə də məhdudiyyət qoyula, bu müddət 30 günədək endirilə bilər.
ABŞ-nın bu təşəbbüsünün Avropa İttifaqını narazı saldığı bildirilir./apa/