Suriyada hava əməliyyatları keçirən Rusiya hərbi hava donanması qırıcılarının Türkiyə ilə həmsərhəd türkmən ərazilərini də bombardıman etdiyi bildirilir. Məlumata görə, rus qırıcılarının əsasən türkmənlərin kompakt yaşadığı bölgələrə zərbələr endirdiyi iddia olunub.
Bildirilir ki, Suriya dövləti ərazisində əsasən türkmənlərin yaşadığı Yamadi, Salur və Ceptoros bölgələrinə Rusiya qırıcıları 17 raket atıb. Bu zərbələr nəticəsində 3 min nəfərdən çox insanın yaşadığı yeri tərk edərək Türkiyə sərhəddinə yönəldiyi bildirilir.
Suriya Türkmən İcması idarə heyətinin üzvü Təhsin Xoşqar qeyd edib ki, Əsəd rejiminə aid qırıcıların indiyə qədər eləmədiyini rus qırıcıları etməyə başladı.
Bəzi kəndlərin tamamilə boşaldığını deyən Xoşqar yaralılar olduğunu bildirib və bolgəqə pilotsuz aparatların kəşfiyyat uçuşları həyata keçirdiyini vurğulayıb.
Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya hərbi aviasiyasına məxsus qırıcılar Suriya ərazisində hərbi əməliyyatlara başlayıb. Əməliyyat öncəsində bunun İŞİD-ə qarşı mübarizə olduğu bildirilsə də daha sonra rus qırıcılarının Əsəd rejiminə qarşı olan dinc əhalini bombardıman etdiyi iddia olunmuşdu. /anspress/