İran prezidenti Həsən Ruhani ölkəsinin üzərindən sanksiyalar götürüləndən sonra ilk səfərini edib.
Məlumata görə, onun ilk səfəri Avropadır. İran liderinin ilk səfər edəcəyi ölkələr İtaliya və Fransadır. Prezident bu gün səhər radələrində İrandan çıxıb və artıq İtaliyadadır. Onu Beynəlxalq Roma "Ciampino" hava limanında İtaliya prezidenti Sergio Mattarella və İtaliyanın Xarici İşlər naziri Paolo Gentiloni qarşılayıb.
İran prezidenti İtaliyada
Bundan başqa, İran rəhbəri yanvarın 25-26-da Roma Papası, italyan investorlar, böyük sənaye sahibləri, dünya katoliklərinin rəhbəri və Vatikanın baş naziri ilə görüşəcək.
Yanvarın 27-də isə Həsən Ruhaninin Fransa görüşü planlaşdırılır. Onun Parisdə ölkənin prezidenti Fransua Olland, eləcə də Fransanın investorları, iqtisadi müdirləri və böyük sənaye sahibləri ilə görüşəcəyi deyilir.
İran prezidentinin Fransaya səfəri ötən ilin payız ayında olmalı idi. Lakin noyabrda Fransada baş verən terror hadisəsi ilə əlaqədar görüş təxirə salınıb.
Yanvarın 17-də ABŞ və Avropa Birliyi İranın nüvə proqramına görə tətbiq etdiyi sanksiyaları Tehran üzərindən götürüb. Bu barədə ABŞ dövlət katibi Con Kerri və Avropa Birliyinin (AB) xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini açıqlama verib.
Con Kerri və Federika Mogerini
Con Kerri bildirib ki, Birləşmiş Ştatlar prezidenti Barak Obama müvafiq fərman imzalayıb. Kerri bu bəyanatı MAQATE-nin nüvə sazişinin şərtlərinin implementasiyası üçün nəzərdə tutulan bütün tələblərin Tehran tərəfindən yerinə yetirildiyini təsdiq etməsindən sonra verib.
Analoji bəyanatı Avropa diplomatiyasının rəhbəri Federika Mogerini də verib. Onun sözlərinə görə, İrana qarşı tətbiq edilən sanksiyalar ləğv olunub.
2015-ci il iyulun 14-də nüvə proqramı üzrə "altılıq"la İran yekun razılıq sənədi imzalayıb. Həmin sənədə əsasən, Tehran nüvə proqramını dinc məqsədlər üçün istifadə edəcək, qarşı tərəf isə bu şərti yerinə yetirdiyi halda beynəlxalq sanksiyaları aradan qaldıracaq.
"Altılıq" ölkələr
İran və dünyanın altı dövləti - ABŞ, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında 2006-cı ildə başlayan danışıqlar ötən ilin iyul ayında yekunlaşıb.
Sanksiyaların qaldırılmasından sonra İran xaricdə dondurulmuş aktivlərinə giriş əldə edəcək./anspress/