Ruhaninin Avropa səfərinin Azərbaycana təsiri
29.01.2016 550 0.0 0

İran prezidenti Həsən Ruhaninin Avropaya səfəri bu gün başa çatıb.Məlumata görə, Ruhani İtaliya ilə 17 milyard, Fransa ilə isə 1 milyard avro dəyərində sazişlər bağlayıb. 

Ruhani uzun illər ərzində Avropaya səfər edən ilk İran lideridir. İran prezidenti İtaliyanın Mateo Rentsi, Vatikanda Roma papası Fransisk, Fransa prezidenti Fransua Ollandla görüşlər keçirib. İran “Total” “Airbus” və bir nüfuzlu şirkətlərlə mühüm razılaşmalar imzalayıb. 

İran və qərb arasında münasibətlərin yaxşılaşması rəsmi Tehran üçün yeni iqtisadi imkanlar yaradır. İranı nefti, təbii qazı, təbiəti və digər təbii sərvətləri ilə Avropa və ABŞ üçün yeni bazar hesab etmək olar. Yəqin ki, bundan sonra İran regionda həyata keçirilən layihələrdə daha rahat və sərbəst formada iştirak edəcək. Elə bu baxımdan Ruhaninin səfərinin əsas maraqlı tərəflərindən biri onun İtaliya və Fransanı seçməsidir. 

 


İran prezidenti Həsən Ruhani və Fransa prezidenti Fransua Olland


Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanovun sözlərinə görə, İran sanksiyaları qaldıranları belə bir səfərlə və imzalanan müqavilələrlə mükafatlardırır. “Bu mükafatın ilk növbədə Fransa və İtaliyaya verilməsinin isə ayrı məqsədləri var. Çünki Fransa tarix boyu ABŞ-ın əmri ilə çox da hərəkət etməyən dövlət kimi tanınıb. Həttə ABŞ-ın etirazlarına baxmayaraq, Fransa Sovet İttifaqı ilə daima yaxşı münasibətlərdə olub. Fransada anti - ABŞ ruhu daha çox olduğu üçün Ruhani səfər üçün oranı seçdi. İtaliya isə digər Avropa dövlətlərinə baxanda iqtisadi cəhətdən daha zəifdir. Bu səbəbdən İtaliya İran üçün yeni iqtisadi bazardır. Amma İran Avropanın digər dövlətləri ilə də münasibətləri qurmaqda maraqlıdır”, - deyə Elnur Soltanov bildirdi. 

 


Elnur Soltanov - Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru


İran ətrafında baş verənlər Azərbaycan üçün də çox böyük əhəmiyyətə malikdir. Elnur Soltanovun sözlərinə görə, İranla qərb arasında münasibətlərin yaxşılaşması Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini azalda bilər: “Azərbaycan qərblə münasibətləri yaxşı olmayan İran və Rusiya arasında yerləşən dövlətdir. Gərginliklər yaşandığı müddətdə Azərbaycanın əhəmiyyəti artırdı”. 

 

İranla qərb arasında münasibətlər yaxşılaşmasının Azərbaycana müsbət təsirini şərh edən Elnur Soltanov bildirdi ki, əlaqələr soyuq olduqda rəsmi Tehran Avropanın dostu kimi Azərbaycana lazımsız təzyiqlər edirdi. “Amma münasibətlərin yaxşılaşması əsassız təzyiqlərin yumşalması ilə nəticələnə bilər. Həmçinin “Total”, “BP” və digər şirkətlərlə İranın əməkdaşlıq etməsi Xəzər dənizində mübahisəli yataqlarla bağlı razılığın əldə olunmasına kömək edə bilər. İranın soyuq davranışları Azərbaycanı qərbin yanında görməsindən qaynaqlanırdı”. 

Regionda İranın ən yaxın olduğu dövlətlərdən biri də Ermənistandır. Elnur Soltanovun sözlərinə görə, sanksiyaların götürülməsi və Avropa ilə münasibətlərin düzəlməsi Ermənistanla İran arasında əlaqələri daha da inkişaf etdirəcək: “Ermənistan yeganə dövlətdir ki, onu həm qərb, həm də İran və Rusiya dəstəkləyir. Bu səbəbdən İranın enerji layihələrində Ermənistanın iştirakı əhəmiyyətli dərəcədə arta bilər. Ermənistanı İran qazının Avropaya daşınmasında bir marşrut kimi istisna etmək olmaz. Amma İran qazını əsasən Fars körfəzindən Avropaya çıxararsa, onun üçün daha ucuz ola bilər. Çünki buradan qaz və neft gəmilərlə daşınacaq”. 

 


İran qazını Avropaya daşıyacaq ən ucuz marşrut


Ucuz bazar kimi Avropa üçün İran əsas gəlir mənbələrindən biridir. Uzun illər Avropanın İranla münasibətlərinin soyuq olmasının səbələrindən biri ABŞ idi. ABŞ iddia edirdi ki, İranın nüvə proqramı sülhməqsədli deyil. Amma elə İranda ilk nüvə proqramı 8 dekabr 1953-cü ildə ABŞ-ın köməkliyi ilə yaradılıb. 1979-cu ildə İranda baş verən inqilabdan sonra ABŞ və İranın münasibətləri qırıldı. Lakin Rusiyanın köməkliyi ilə İranın ilk nüvə stansiyasını - Buşehr I 2012-ci ilin sonlarından işləməyə başladı. 

 


İranın Buşehr I stansiyası

 

Bundan sonra İran və Qərb arasında münasibətlər daha da gərginləşdi. 2015-ci il iyulun 14-də əldə olunan razılıqdan sonra beynəlxalq müşahidəçilər İranın bütün nüvə stansiyalarına nəzarət edə bildilər. ABŞ və müttəfiqləri İranın nüvə silahı istehsal etmədiyini dəqiqləşdirdikdən sonra onun üzərindən sanksiyaları götürmək qərarına gəldi.

Amma hazırda 37 illik qapalı olması nəticəsində çoxsaylı problemlərlə üzləşən İran iqtisadiyyatı xarici sərmayə gözləyir. Bundan əvvəl də İranla Avropa arasında oxşar yaxınlaşmalar baş verib. 2002-ci ildə Avropa İttifaqı İranla müasibətləri yaxşılaşdırdığı vaxt ABŞ və İsrail buna etiraz etmişdi. Həmçinin İranın daxilində də qərblə yaxşı münasibətlərə etiraz edən müxtəlif mühafizəkar qüvvələr var. Qərblə İran arasında münasibətlərin regiona təsirləri ilə yanaşı İranın öz daxilində də müxtəlif dəyişikliklər yarada bilər. Məsələn, Avropa dəyərlərlərinin İrana inteqrasiya etməsi İslam İnqilabının təməllərini sarsıda bilər. Bu isə İranda böyük nüfuza sahib olan islamçıların mənafeyinə ziddir. Yəqin ki, onlar bu münasibətlərin daha da yaxınlaşmaması üçün müxtəlif əks addımlar atacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar