Almaniyanın səviyyəcə dördüncü Regional liqasının Şimal-Şərq divizionunda çıxış edən Berlin "Dinamo"sunun futbolçusu Rüfət Dadaşov yenidən Azərbaycan milli komandasına qayıtmaq istəyir.
Məlumata görə, bu barədə 26 yaşlı hücumçunun özü "Pressreader" nəşrinə açıqlamasında deyib.
On iki turdan sonra 11 qolla bombardirlər siyahısına başçılıq edən Dadaşov Berti Foqts baş məşqçi postunu tərk etdikdən sonra milliyə çağırılmadığını xatırladıb: "Yığmada 2013-cü ildə debüt etmişdim. Əla hisslər idi. Foqts məni əvvəlcə təlim-məşq toplanışına çağırdı, sonra isə növbəti oyunda start heyətdə meydana buraxdı. İkinci oyunumda Qətərin qapısından bir, üçüncü matçımda isə Maltanın qapısından iki top keçirdim. Hər üç qolu yoldaşlıq görüşündə vurdum. Daha sonra Şimali İrlandiya ilə dünya çempionatının seçmə qrup oyununda fərqləndim".
Lakin Dadaşovun fikrincə, onun üçün əsas məqam İtaliya ilə 2016-cı il Avropa çempionatının seçmə qrup matçında Canluici Buffona qarşı oynaması olub: "Bu, inanılmaz hiss idi. Hər şey heç də televiziyaya baxdığın kimi deyildi. Oyundan sonra Buffondan formasını da almışdım".
"Dinamo"nun heyətində son 5 oyunda 8 top vuran forvardın aktivində ümumilikdə 11 qol var. O, komandasının qollarının 1/3 hissəsinin pay sahibi olub. Özünü klassik hücumçu sayan Dadaşov oktyabrın 27-də "Berliner"lə görüşdə qalib gəlmələrini və qələbədə pay sahibi olaraq, lider "Enerji" ilə xal fərqini endirmələrini hədəfləyib.
"Dinamo"nun baş məşqçisi Rene Ridleviç də ondan razılıq ifadə edib: "Rüfət bizim üçün vacib qollar vurub".
Qeyd edək ki, hazırda Rüfət Dadaşovun kiçik qardaşı Renat Dadaşov Azərbaycan millisinə cəlb olunur. Gənc forvard yığmada sentyabrın 4-də San-Marino üzərində 5:1 hesablı qələbə qazandıqları 2018-ci il dünya çempionatının seçmə qrup matçında debüt edib./Report/