Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunun diaqnostikasını aparıb. Məlumata görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Kredit Büroları haqqında" qanun layihəsinin müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, bunun nəticəsində biz bankların mövcud durumunu və onların ayrı-ayrı bank üzrə və ayrılıqda bank sektoru üzrə sağlamlaşdırılması ilə bağlı müvafiq siyasət tədbirləri hazırlamışıq: "Bu tədbirlər müxtəlif bank qrupları üzrə hazırlanıb. Sistem əhəmiyyətli banklar var ki, bu bankların iflası təkcə bankların müştəriləri deyil, həmçinin maliyyə sektorunun və onun vasitəsi ilə iqtisadiyyatın dayanıqlığına təsir edə bilər. Dünyada sistem əhəmiyyətliliyin qiymətləndirilməsi meyarları var. Bank nəzarəti üzrə beynəlxalq standartları müəyyən edən beynəlxalq hesablaşmalar bankının Bazel komitəsinin metodikasını əsas götürmüşük. Eyni zamanda, Avropa Birliyinin direktivlərini, iqtisadiyyatının həcmi, xarakterinə, maliyyə sisteminin xüsusiyyətlərinə görə Azərbaycana yaxın olan ölkələrin təcrübələrinə də baxmışıq. Onun əsasında biz bankların sistem əhəmiyyətliyini müəyyən edərək "Banklar haqqında" qanuna müvafiq olaraq zərurət yaranarsa, bu bankların dövlət tərəfindən dəstəklənməsi mexanizmlərini hazırlamışıq. Bu günə bu banklardan ikisinə dövlət dəstəyi ilə bağlı qərar verilib. Beynəlxalq Bankın sağlamlaşdırılması prosesi gedir. İkincisi isə "Bank Standard"ın sağlamlaşdırılması ilə bağlı qərar verilib. Sonradan "Bank Standard"ın sağlamlaşdırılması üçün çəkiləcək xərclərin çox olduğunu gördükdən sonra ləğvinə qərar verdik"./apa/