Toyundan bir həftə sonra itkin düşən və ötən gün meyiti tapılan Gülnar Vəliyevanın həyat yoldaşı Samir Həbibov qətli törətməsinin təfərrüatlarını danışıb. Rusiya KİV-nə istinadən verilən məlumata görə, 34 yaşlı kişi bildirib ki, o, 23 yaşlı arvadını təsadüfən öldürüb:
“Evdə bizim aramızda mübahisə yarandı. Mən onu itələdim və Gülnar yıxıldı. Ancaq o yerə bərk dəydiyi üçün öldü. Daha sonra cinayətin izini itirmək qərarına gəldim və bu işdə köməklik göstərməsi üçün qardaşıma zəng etdim”.
Samir köməyinə gələn qardaşı ilə birlikdə 23 yaşlı gəlinin meyitini velosipedlə Petrodvortsovı rayonundan 10 kilometr aralıdakı meşə massivinə gətirib və orada basdırıb.
Gülnar Valiyeva - qətlə yetirilən qadın
Gülnar Vəliyeva Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itkin düşüb. Məlumata görə, axşam saatlarında Gülnar anası ilə telefonla danışıb və deyib ki, 34 yaşlı həyat yoldaşı Samirə yemək hazırlayır.
Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının Marşal Jukov prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb.
22 aprel səhər saatlarında Gülnar tibb institutuna dərsə getməli imiş, lakin artıq bu zaman onun mobil telefonuna zəng çatmayıb. Samirin sözlərinə görə, həyat yoldaşı səhər evdən çıxıb, lakin hara getdiyini o bilməyib.
O zamandan 23 yaşlı qadın haqda bir xəbər olmayıb. Qızın valideynləri, dostları, könüllülər və polislər onu 1 aydan çox müddətdə axtarıblar.
Ötən gün isə Samir Həbibov həyat yoldaşının qətlində şübhəli bilinərək saxlanılıb. İstintaq rəsmi bəyanatla çıxış edərək bildirib ki, Gülnar itməyib və evdən qaçmayıb.
Qadının ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası təyin olunub./anspress/