Rusiya ilə qarşıdurma və Yaxın Şərqdəki vəziyyət getdikcə ABŞ xarici siyasətinin prioritetinə çevrilir. Bu isə öz növbəsində Vaşinqtonun Asiyadakı imkanlarını məhdudlaşdırır. Bu barədə Reuters agentliyinin dərc etdiyi məqalədə deyilir.
ABŞ Konqresinin aşağı palatası prezident Barak Obamaya Trans-Sakit okean Tərəfdaşlığının həyata keçirilməsi üçün xüsusi ticari səlahiyyətlərinin verilməsi barədə qanun layihələrini bloka salmasından sonra Sinqapur XİN-nin başçısı Kasivisvanatan Şanmugam ABŞ-ın bölgədə nüfuz imkanlarını itirdiyini bəyan edib. Maraqlıdır ki, bu çıxışdan çox keçmədən nümayəndələr palatası sözü gedən qanun layihəsini təsdiqləyib.
Məqalə müəllifinin fikrinə görə, Birləşmiş Ştatlar mühüm beynəlxalq oyunçu statusunu qoruyub saxlasa da Amerikanın liderliyi çoxsaylı müxtəlif istiqamətlərdə "səpələnməkdədir". Bu onunla əlaqədardır ki, ABŞ eyni zamanda Rusiya və Çinin qarşısını almaq və bununla yanaşı səylərini Yaxın Şərqdə cəmləşdirmək məcburiyyətindədir, deyə məqalədə bildirilir.
Bununla belə, hazırda vəziyyət onunla mürəkkəbləşib ki, ABŞ hərbi xərclərini ixtisara salmaq məcburiyyətilə üzləşdiyi bir zamanda Asiya dövlətləri silahlanmaya ayrılan vəsaitin həcmini artıraraq Birləşmiş Ştatların hərbi hökmranlığını sual altına qoymağa çalışır.
Yaponiyaya məxsus DDH183 Izumo helikopter daşıyıcısının suya buraxılması mərasimi
Bununla bağlı Amerikanın bir sıra sabiq və fəaliyyətdə olan dövlət rəsmiləri Vaşinqtonun regionda siyasətin formalaşdırılması imkanından məhrum olacağından ehtiyat edir. Eyni zamanda onlar ölkənin hərbi münaqişəyə cəlb edilməsi riskinin də yüksək olmasını vurğulayır.
"Vaşinqtonun həyata keçirdiyi fəaliyyətdən asılı olmayaraq ABŞ-ın bu və bir çox digər regionlar üzərində nəzarəti getdikcə zəifləməkdədir", - deyə məqalə müəllifi nəticə çıxarır.
Onun sözlərinə görə, XXI əsr Asiya əsri ola bilər. Lakin hətta bu baş verməsə belə regionda nüfuz sahibi olan dövlətlər müstəqil qərarlar qəbul edə biləcək./anspress/