Çində yaşayan 20 yaşlı gənc qız, getdiyi restoranda dəhşətli hadisə ilə üzləşib.
Qazeta.info xarici mətbuata istinadla bildirir ki, gənc xanım tələbə yoldaşı ilə birlikdə "özün bişir, özün ye" tipli restorana gələrək əyləşdikləri masanın üzərindəki ocağın alışdırılması üçün ofisiantdan kömək istəyir. Müştərinin istəyini yerinə yetirən ofisiant, gətirdiyi alışdırıcı maddəni ocağın üzərinə tökdüyü anda partlayış baş verir.
Yeni işə düzəldiyi deyilən 18 yaşlı təcrübəsiz ofisiant, baş vermiş alov püskürməsindən yayınaraq kənara çəkilmək istədiyi an isə bilmədən əlindəki alışdırıcı maddənin qalanını da ocağın üzərinə dağıdır. Elə bu an güclü yanğının baş verməsi nəticəsində talehsiz gənc qadın müştərini alov tutur.
Videodan da göründüyü kimi, bütün vücudunu alov bürüyən tələbə qızı onunla birlikdə gələn yoldaşı və ofisiant söndürməyə çalışırlar. Məlumata görə, hadisə ilə əlaqədar həkimlərin verdiyi açıqlamada bildirilib ki, 20 yaşlı xanım çox ciddi yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin baş verməsində ehtiyatsızlıq edən gənc ofisianta isə cinayət işi açılıb.