Böyük iyirmiliklərin (G-20) sammiti çərçivəsində Türkiyədə rəsmi səfərdə olan Rusiyanın prezidenti Vladimir Putin bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Məlumata görə, ötən gecənin yarısı “Regnum” otelində baş tutan görüş təxminən 1 saat davam edib. Mətbuata qapalı keçirilən görüşün təfərrüatları barədə açıqlama verilməyib.
Görüşdə Rusiya tərəfdən Putinlıə yanaşı bu ölkənin xarici işlər naziri Sergey Lavrov da iştirak edib. Türkiyə tərəfdən isə görüşdə xüsusi idarənin rəhbəri (MİT) Hakan Fidan, xarici işlər naziri Firudin Sinirlioğlu, enerji və təbii sərvətlər naziri Əli Rza Alaboyunun da iştirak etdiyi bildirilir.
Liderlərin görüşü öncəsində mətbuat nümayəndələri çəkiliş edərkən Ərdoğan həmkarı Putinə, “Merkellə görüşünüz necə keçdi?” – deyə su8al verib. Putin isə həmkarına ingilis dilində “good very good” (yaxşı, çox yaxşı) – deyə cavab verərək gülümsəyib.
Həmçinin liderlərin görüşündən sonra məlum oldu ki, Türkiyə və Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı dekabrın 15-də Rusiyada keçiriləcək.
Ötən gün Türkiyənin Antalya şəhərində ilin əsas iqtisadi toplantısı “Böyük iyirmilik” (G20) ölkələrinin liderlərinin sammiti öz işinə başlayıb.
Sammitin yekununda terrorla mübarizə məsələsinə dair xüsusi bəyanatın qəbul ediləcəyi, həmçinin qaçqınlara yardım və miqrasiya problemi ilə bağlı müəyyən qərarların razılaşdırılması gözlənilir. /anspress/