Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin dəqiq tarixi açıqlanıb.
Məlumata görə, Türkiyə mətbuatı Prezident Admistrasiyasına istinadən bildirir ki, Ərdoğan Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün aprelin 25 və 26-da Azərbaycanda səfərdə olacaq.
Ərdoğanın Azərbacyan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılıb. Prezidentlərin Dağlıq Qarabağ münaqişəsini, xüsusilə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması barədə müzakirələr aparacağı bildirilir.
Türkiyə prezidenti Azərbaycana səfərini başa vuran kimi Xortaviyaya yola düşəcək.
Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu 25-27 aprel tarixlərində olacaq. Forum “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək.
Rəcəb Tayyib Ərdoğan Azərbaycana sonuncu dəfə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ötən il iyunun 12-də səfər edib.
Bu ilin fevral ayında onun Azərbaycana səfəri planlaşdırılmışdı. O, ölkəmizdə keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etməli idi. Lakin Ankarada törədilən 17 fevral terroru onun səfərinin təxirə düşməsinə səbəb olub.
İlham əliyev və Rəcəb Tayyib Ərdoğanın səmimi qucaqlaşması. 15 mart, 2016-cı il
İkinci dəfə səfərin vaxtı mart ayının 15-nə təyin edilib. Gözlənilən səfərdən iki gün öncəAnkarada törədilən və 37 nəfərin ölümünə səbəb olan terror aktı törədildi. İlk günlər Ərdoğanın Bakı səfərinin reallaşacağı deyilirdi.
Lakin sonradan bu səfər də ləğv edildi. R.T.Ərdoğanın səfəri ləğv edilsə də Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edib. Adıçəkilən toplantı Ankarada baş tutub./anspress/