Ərdoğan, Kılıçdaroğlu və Bağçalı bir arada... - VİDEO
11.07.2015 578 0.0 0

Prezident Rəcəb Tayyib Ərdoğan, CHP lideri Kamal Kılıçdaroğlu, MHP lideri Dövlət Bağçalı bir araya gəlib. Amma gerçək həyatda deyil, Əskişəhərin "Balmumu Heykəllər Muzeyi"ndə...
 
Bu muzey Londonda yerləşən məşhur "Madam Tüsso Mum Heykəllər Muzeyi"nin Türkiyədə yaradılan ilk oxşarıdır. 160 heykəlin hamısı Əskişəhərin bələdiyyə sədrinin əl işidir.
 
Bu heykəllər Əskişəhərin bələdiyyə sədri Yılmaz Büyükerşen tərəfindən hazırlanıb. Burada Türkiyənin ən tanınmış insanlarını görə bilərsiniz.
 
Məlumata görə, Odun bazarı yaxınlığında yerləşən muzey 5 bölümdən ibarətdir. Birinci bölmədə Atatürk və onun silahdaşları, ailəsi, Osmanlı sultanları, Türkiyə Cümhuriyyətinin prezidentləri, Qurtuluş Müharibəsi, Cümhuriyyət dövrünə aid silahlar nümayiş olunur. Olduqca canlı təsir bağışlayan bu heykəllər arasında Atatürkün müxtəlif zamanlarının görüntüləri, onun ailəsinin, yerli və xarici sənətçilərin, media mənsublarının, idmançıların heykəlləri sərgilənməkdədir. Muzeydə həmçinin Türkiyənin müxtəlif bölgələrinin, eləcə də Əskişəhərin özünün tarixi görüntüləri yer alıb.
 
Məlumat üçün bildirək ki, bal mumundan hazırlanan ilk heykəllər muzeyi 1835-ci ildə Londonda yaradılıb. "Madam Tüsso Muzeyi"nə olan böyük  maraqdan sonra dünyanın bir çox yerində bal mum heykəllər muzeyi açılıb. Türkiyədə ilk belə muzey 2013-cü ildə Əskişəhərdə yaradılıb. Muzeyin yaradıcısı Yılmaz Büyükerşen hazırladığı heykəlləri Anıtqəbirdə, Samsunda, İneboluda, İzmirdə nümayiş etdirib. Sonradan isə düzəltdiyi heykəlləri bələdiyyə sədri olduğu Əskişəhərdə yaratdığı muzeyə toplayıb.
 
O, heykəlləri tək-tək öz əlləri ilə düzəldib. Maraqlı burasıdır ki, heykəllərin geyindikləri geyimlər onların özlərinə məxsusdur. Heykəllər hazır olduqdan sonra tanınmışların ailəsinə müraciət edilib və geyimləri əldə olunub. Muzeyin girişində sizi Sultan Süleyman öz Hürrəm Sultanı ilə qarşılayır. Stendlərdə qədim Türk silahları da yer alıb.
 
Türkiyənin "Şabanı", "Adilə teyzesi" kimi tanıdığımız film qəhrəmanlarını, Şənər Şəni, Bəyazı, Cüneyt Arkını görmək istəyənlər muzeyin sənətçilər bölməsinə keçə bilərlər. Burada ölkənin teatr, kino və televiziyanın tanınmış simaları yer alıb. Tək Türkiyənin deyil, dünyanın tanınmış ulduzlarını da görmək olar. Brett Pittlə Ancelina Coli də burdadır. İbrahim Tatlısəs, Orxan Gəncəbay, Aşıq Veysəl, Barış Manço da ziyarətçiləri salamlayır.
 
Dünyanın tanınmış siyasətçiləri olan bölmədə şəkil çəkdirmək üçün yalnız muzeyin fotoqrafına müraciət edilməlidir. Məsələn, Barak Obama ilə şəkil çəkdirmək üçün 5 lirə ödəmək lazım gəlir. Oradan gələn gəlirlər isə qızların və qüsurlu uşaqların təhsilinə sərf olunur. Muzeydə həmçinin "Əskişəhərspor"un əfsanə futbolçuları və çempion idmançıların heykəlləri yer alıb.
 
Bölümün birində isə tarixi şəxsiyyətlərdən Yunus Əmrə, Mövlanə Cəlaləddin Rumi, Alparslan da var. Muzeyin bu bölümündə foto çəkmək qadağan edilib. Burda Türk siyasətinin liderləri Adnan Menderes, Rəcəb Tayyip Ərdoğan, Kamal Kılıçdaroğlu, İsmət İnönü, Bülent Ecevit, Nəcməddin Ərbakan, Alparslan Türkeş, Abdulla Gül, Dövlət Bağçalı, Muhsin Yazıçıoğlu yer alıb.
 
20 ildir ki, bu işlə məşğul olan Yılmaz Büyükerşen işini davam etdirir. O, bir çox tanınmış simanın heykəllərini hazırlayaraq muzeyin ərazisini genişləndirmək niyyətindədir./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar