Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 4 ildən sonra İrana rəsmi səfərinin tarixi açıqlanıb.
Məumata görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətindən açıqlama verilib.
Açıqlamada bildirilir: "Ərdoğan İran prezidenti Həsən Ruhaninin dəvəti ilə bir sıra nazirlərlə birlikdə aprelin 7-də İrana rəsmi səfər edəcək. 4 ildən sonra ediləcək bu səfər zamanı Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci toplantısı keçiriləcək".
Ərdoğanın səfəri zamanı iki ölkə arasında mövcud iqtisadi-siyasi əlaqələr müzakirə ediləcək.
Qeyd edək ki, bu günlərdə Ərdoğan İranın Yəmən və İraqdakı fəaliyyətini tənqid etmişdi. Prezident bildirmişdi ki, İran rəhbərliyi regionda hökmranlıq etməyə çalışır və İranın bu siyasəti qəbuledilməzdir.
İran tərəfi də Ərdoğanın tənqidinə sərt şəkildə cavab vermişdi. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirmişdi ki, yanlış strategiyası və eqoist siyasətləri ilə böyük xəsarətlərə səbəb olan şəxslər yaxşı olar ki, məsuliyyətli şəkildə davranaraq regionda sabitliyin bərqərar edilməsi və regional inteqrasiyanın inkişafı yolunda addım atsınlar./anspress/