“Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır".
Məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atlantik Şurasının Enerji və İqtisadi Sammitində çıxış edərkən deyib.
Ərdoğanın sözlərinə görə, Avropa yalnız “Nabucco” boru kəmərinin tikintisini planlaşdırdığı bir vaxtda Azərbaycan və Türkiyə qaz kəmərlərinin tikinti layihələrini reallaşdırmasına başladı.
“Biz Azərbaycan və Gürcüstan ilə birlikdə böyük layihələrə imza atdıq. Keçmişdə xəyal olaraq görülən Bakı-Tiflis-Ceyhan və Ərzurum layihələrini uğurla həyata keçirdik. Hazırda Türkiyədə TANAP-ın tikintisi davam edir. TANAP-la nəql edilməsi üçün Türkmənistandan və başqa alternativ mənbələrdən qazın cəlb edilməsi üzrə işlər aparılır. Bu kəmər Azərbaycan qazının həm ölkəmizə, həm də Avropaya daşınmasını təmin ediləcək”.
Türkiyə prezidenti Avropa Birliyinə (AB) səslənərək, “Nabucco” boru kəməri layihəsini imzaladıqlarını xatırladıb.
“Yadınıza salım ki, imzalanmadan 6 il keçib. Niyə addım atamadıq? Belə layihələr çoxlu pul xərcləmədən reallaşmaz. Amma biz Azərbaycanla addım atdıq. Birlikdə həyata keçirilən TransAnadaolu layihəsi ölkəmizin ərazisində inşa ediləcək ən uzun boru xətti olacaq”.
“Nabucco” boru kəmərinin keçdiyi ərazilər
Avropa Birliyi və ABŞ tərəfindən dəstəklənən “Nabucco” layihəsi tikintisi çox baha başa gəldiyi üçün reallaşmadı. Bu kəmər Azərbaycan,Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya ərazilərindən keçməklə qazı Avropaya çatdıracaqdı.
“Nabucco” Rusiyanın Qazprom şirkətinin həyata keçirmək istədiyi Cənub axını layihəsinə rəqib hesab edilirdi. /anspress/