Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aktrisa Selin Şekerciye qarşı qaldırdığı məhkəmə iddiasını geri götürüb.
Türkiyə KİV-ə istinadən xəbər verilir ki, R.T.Ərdoğan hələ baş nazir olduğu dövrdə S.Şekerci özünün "Twitter" səhifəsində onunla bağlı status yazıb.
S.Şekerçi statusunda prezidenti “Üzüklərin hökümdarı” filminin mənfi obrazı olan “Saruman”ya bənzədib. R.T.Ərdoğan isə bunu təhqir kimi qiymətləndirib və məhkəməyə müraciət edib.
Aktrisa Cinayət Məcəlləsinin təhdid və dövlət rəsmisini təhqir etmə maddəsi ilə mühakimə olunurdu. İstanbul Məhkəməsində keçirilən prosesdə aktrisanın 1 il 8 aydan 4 il 4 aya qədər azadlıqdan məhrum ediləcəyi gözlənilirdi. Amma hakim bildirib ki, R.T.Ərdoğan iddiasını geri götürüb. Prezidentin vəkili Əhmət Özəl bununla bağlı məhkəməyə vəsatət təqdim edib.
Qeyd edək ki, 28 yaşlı Selin Şekerci “Kavak yelleri”, “Melekler korusun”, “Kaçak gelinler” kimi seriallardakı rolları ilə məşhurluq qazanıb./Report/