Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Zerkalo” qəzetinin sabiq əməkdaşı Rauf Mirqədirovun məhkəmə prosesi davam etdirilib. Proses qapalı keçirilib. Məhkəmə istintaqı bu gün yekunlaşıb.
Növbəti məhkəmə dekabrın 16-da olacaq. Həmin gün prokuror R.Mirqədirova cəza istəyəcək.
Rauf Mirqədirov keçən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları saxlayıb.
Aprelin 21-də Baş Prokurorluğun mətbuat xidməti Rauf Mirqədirovla bağlı yaydığı məlumatda deyilir: Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin, dövlət sirri təşkil edən digər məlumatları onlara verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.
Ötən il aprelin 19-da saxlanılan R.Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R.Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb./anspress/