Gülüstan. İranın digər bölgələrindən fərqli bir vilayət. Ramiyan. Gülüstan vilayətinin başqa şəhərlərindən fərqli bir şəhər. Fərq şəhərin etnik strukturundadır, Ramiyanda yaşayanlar Azərbaycan türkləridir. Şəhər əhli özünü "Qızılbaşlar", "Qızılbaş türkləri", "Şahsevənlər" adlandırır. Hamısı türk tayfalarıdır, Şah İsmayılın dövründəki qızılbaş tayfalarının bəziləri Şah Abbasın dövründə özlərini şahsevən adlandırıblar.
Ramiyan şəhəri 17-ci əsrin əvvəllərində, I Şah Abbasın dövründə salınıb. Tarixçi Abdulhəmid Cəfəriyanın sözlərinə görə, qızılbaş tayfaları bu əraziyə 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində I Şah Abbas tərəfindən Azərbaycanın Qarabağ, Lənkəran, Şirvan, Naxçıvan, Urmiya və digər bölgələrindən köçürülüblər. Tayfaların köçürülməsinin bir neçə səbəbi olub. Gülüstan vilayəti Səfəvi dövlətinin şimal-şərq sərhədlərində yerləşirdi və mütəmadi hücumlara məruz qalan yer idi. I Şah Abbasın qızılbaş tayfalarını bu əraziyə köçürməkdə məqsədi həm bu torpaqları yadelli hücumlardan qorumaq, həm də yerlərdə baş qaldıra biləcək hər hansı ixtişaşın qarşısını vaxtında almaq olub. Digər tərəfdən bu ərazilərə köçürülən qızılbaşlar idarəçiliyi də öz əllərinə alıblar.
Tarixçinin məlumatına görə, Ağa Məhəmməd şah Qacarın ana nənəsi və Fətəli xanın atası Hüseynqulu xan buradakı tayfaların nümayəndəsidir.
Ramiyan şəhərinin əhalisi 15 mindən çoxdur. Şəhərdə 4 min ev var. Evlərin bəzilərinin yaşı 100-ü keçir. Gördüyünüz ev də 100-ü haqlayanlardandır. Biz bu evin, daha doğrusu evin sahibi Qəşəməli Yazərlünün qonağıyıq. Qonşular, şəhər rəhbərliyi, ağsaqqallar, tarixçilər yığılıb bu evə.
Ev sahibi Qəşəməli Yazərlü adının tarixi anlam daşıdığını deyir: “Həzrəti Əli Xeybər qalasını fəth edəndə üç min müştəarını Qəşəm Şəm qoymuşdu. Mənim adımı da ona görə, Qəşəməli qoyublar. Dədəmin adı Həzrətqulu, familim Yazərlüdür. Yəni, yazar. İmamqulu xan Yazar Fərmandeyi Ləşkəri İran imiş (İran ordusunun komandanı). Biz o Yazərlülərdənik”.
Burada yaşayan türklərin əksəriyyətinin soyad sonluğu “lü” ilə bitir. Sadiqlü, Yazərlü kimi. Bay tayfası da var. Onların soyadı elə Baydır. Bu tayfa da zamanında Azərbaycan ərazilərindən köçürülüb bu torpaqlara. Şair Məhəmməd Bay "Şuravi Azərbaycan"dan gəldiklərini tez-tez xatırladır. Deyir ki, savadsızam, ona görə başqa heç nə danışmayacağam. Öz şeirini deyir vətənindən gələn mehmanlarına.
Şəhərin bütün əhalisi türk olsa da, gənclər arasında fars dili geniş istifadə olunur. Yaşlı nəsil türkcə danışır, ancaq gənclərin unutqanlığından, türk dilindən uzaqlaşmağından şikayətçidir.
Qəşəməli Yazərlü də belə düşünür: “İndi dil qarışıb. Əvvəllər hamısı türk idi, farsı də bilmirdi. Zaman dəyişib. İndi həm türkdür, həm fars. Fars dilini bilməyi tələb edirlər. Hara getsən, deyirlər ki, fars dilini bilməlisən. Bizim özümüzün dilimiz tədricən dəyişib. Artıq bacarmırıq.
Xalq o qədər dövlətə şəbidir (sadiqdir) ki, dədə-nənəsinə elə şəbi deyil. Bunlar istəyir, biz də məcburuq. Bizi ərəb qayıracaqdılar, olmuruq”.
Adət-ənənələrin getdikcə unudulduğunu deyən ev sahibi keçmişdə toy mərasimlərinin daha maraqlı keçirildiyini deyir: “Toylar əvvəlki kimi deyil. Əvvəl toy olanda xalq gələrdi. Tümmətçi (dümbəkçi) tümmət çalırdı, dol (davul, təbil) vururdu. Onda arvadlar da toyda oynayırdı. Qonaqlar da tamaşa edirdilər. Çox xoş olurdu. Gəlini də ata mindirirdilər. Gətirirdilər damadın evinə. Onda toyların bir qram xərci yox idi. Nə damada, nə gəlinə. İndi dəyişib. Adətləri bəyənmirlər. Deyirlər gedək Talara (şadlıq evinə). Nə olsun, nə olmasın, bəlli deyil ki. Zaman çox fərq edib”.
Qızılbaş geyimləri qaşqay türklərinin geyimi kimi əlvanlığı, rəngliliyi ilə çox seçilir. Bu cəhətinə görə qızılbaşlar qaşqaylara bənzəyir. Hazırda Ramiyanda bu cür geyinən olmasa da, bayramlarda, el şənliklərində al-əlvan geyinirlər.
Qəşəməli Yazərlü xanımının əynindəki libasın Küləcəbahara adlandığını deyir: “Bu geyimə Küləcəbahara deyilir. Bu qədim köynəkdir, bu da tumandır. Tuman bir balaqlı olurdu, bir də 40 balaqlı. 40 balaqlıda parçalar çox olurdu, bədən görünmürdü. Qədimdə şalvar yox idi. Bunlar qadının həm şalvarı idi, həm köynəyi. Başına da şal bağlayardı, ağzında da yeşməyi (yaşmağı) olardı. Gəlin söz etməzdi, haqqı yox idi danışmağa. O vaxt qarşılıqlı ehtiram var idi, indi adət dəyişib. Cavan qızlar bu kültələrdən (axçalıq) geyinərdi”.
- Qızınız özü bu barədə danışa bilərmi?
Qəşəməli Yazərlü başını bulayır: “Bunların dili dönüb farsi olub”.
Ev sahibi geyim formalarının qızılbaş tayfalarının məişətinin mühüm bir hissəsi olduğunu deyir: “Onda qurd (barama) bəsləyirdilər. İpəkdən bu libasları özləri düzəldirdi. Heç kəs libas satın almazdı. İndi bazardan alıb gətirirlər. Kimin yeri var, arpadan-buğdadan əkir, kimin ki, yoxdur, heç bir şey. Onlar biçarə, sərgərdandırlar. Bilmirlər neyləsinlər. Hamı daneşgah gedir. Daneşgahlar çoxdur. Təhsil alandan sonra gəlib bekar gəzir. Əlindən iş də gəlmir. Neyləsin? Biz özümüzü saxlaya bilmirik, gərək bunları da saxlayaq.
Bir az keçir, aşıq gəlir. Daha doğrusu bəxşi. Burada sazını özü düzəldən, özü şeir yazan və bu şeiri oxuyan aşıqlara bəxşi deyirlər. Ən qədimlərdə aşıqlara bəxşi deyərdilər. Orta Asiyada indi də aşıqları belə adlandırırlar. Məhəmməd Nəimi də bəxşidir. 7 yaşlı sazını da özü düzəldib. Oxuduqları da öz ürəyinin nəğmələridir.
“Qədim zamandan, əzəl gündən toylarda bu damdıradan çox istifadə olunardı. Ancaq 20 ilə yaxındır ki, yaşlı ustadlar dünyasını dəyişdi, ancaq aşıq məclislərində, deyişmələrdə damdıradan istifadə olunur. Toylarda gecə keçəndən sonra saz çalınar, dastanlar oxunar. "Güli-Bülbül", "Tahir və Zöhrə", "Kərəm Əslixan", "Aşıq Qərib və Şahsənəm"... "Divani Məhdumqulu Fəraqi" Ramiyanda çox istifadə olunar. Türkmən bəxşisi Məhdumqulunun şerləri...”
Aşıq Məhəmmədin çıxışları radioda lentə yazılıb, televiziyada göstərilib, amma CD diski, kaseti yoxdur. Mahnılarını el mərasimlərində oxuyar, xalqın keçmişini gələcəyə öz nisgilli musiqilərində daşıyar.
Aşıq Məhəmməd ustadını xatırlayır, özünün də ustad dərsi verdiyini deyir.
“Hacı Əli Sadıqlü mənim ustadımdır. Mənim də tələbələrim var. Həm uşaqlar, həm də özümdən böyüklər”.
Qızılbaşlar öz sazlarına Damdıra deyirlər. Təmiz türk alətidir, Ukrayna kazakları bu aləti domra adlandırır, bizdə isə tənbur deyirlər. Damdıra Səfəvi hərbi orkestrində təbilxananın əsas alətlərindən olub. İndi də qızılbaş sazının özəlliklərini söz sahibinin dilindən eşidək.
“Bu sazın 14 buğumu var. Kasası da kiçikdir, hamardır. Biz burada aşığa bəxşi deyirik. Hər bəxşi damdırasını özü düzəldər, özü şeir oxuyar, özü qoşuq (qoşma) qoşar, o qoşuğu özü oxuyar, öz səsilə. Mən bəxşiyəm”.
Aşıq söhbətini bitirən kimi bizi evin ikinci mərtəbəsində salınan süfrəyə dəvət edirlər. Süfrə iki yerdə - evin eyvanında və qonaq otağında salınır. Süfrəni qızılbaş yeməkləri, şirniyyatları, mürəbbələri, evdə hazırlanmış ətirli çörək bəzəyir. Evin sahibi, urmiyalı bələdçimiz, evin xanımları qonaqlara qulluq edir. Yerdən oturub bu təamların dadına baxmağın xüsusi ləzzəti var.
Yeməkdən sonra Qəşəməli Yazərlü dua edir. Bu duada bizlər - bu taydakı Azərbaycan türkləri də unudulmur.
“İranın bütün millətlərinə sağlıq versin! Düşmən bizim başımızdan ayrı olsun!” “Azərbaycana bir dua elə”. “Ruzi versin onlara! Hər yerə gedəndə xoşhal olsunlar! Xudavənd sağlıq və salamatlıq versin sizə! Hər kəsə! Xeyli, xeyli məmnun olduq”.
Yazərlülər ailəsi bizi paysız da yola salmır. Hədiyyəmiz "Qızılbaş şalı" olur. Əlvan, toxunma, qızılbaş türkünün şalı.
Vətənin bir parçasından ayrılırıq. Bu şəhər, bu ailə, bu görüş bizim üçün 10 günlük İran səfəri ərzində ən yadda qalanı, ən unudulmazı olur. Keçmişə bir neçə saatlıq səfər edib qayıdırıq.
Azərbaycana salamı var Ramiyanın...
Mənbə/APA/