General-polkovnik Ramil Usubov Berlin şəhərində keçirilən 21-ci Avropa Polis Konqresində iştirak etmək üçün Almaniya Federativ Respublikasında işgüzar səfərdədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, fevralın 6-da başlayan, builki mövzusu “Əlaqələndirilmiş təhlükəsizlik fəaliyyətinin effektivliyi” olan toplantını Almaniya daxili işlər nazirinin yanında parlamentin dövlət katibi Günter Krings açıb.
Hər il 50-dən artıq dövlətin 1600-dən çox nümayəndəsinin iştirakı ilə keçirilən, daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan beynəlxalq forumda dünyanın bir sıra dövlətlərinin, o cümlədən Almaniyanın federal əyalətlərinin daxili işlər nazirləri, Bundestaqın deputatları, Interpolun və Avropolun, Avropa İttifaqının məsul nümayəndələri, polis və sərhəd qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin təmsilçiləri iştirak edirlər.
İki gün davam edəcək tədbir çərçivəsində ayrı-ayrı panellərdə ümumilikdə təhlükəsizlik sahəsindəki problemlər və onların həlli yolları, xüsusi təyinatlı qüvvələrin rolu və gələcəyi, əməliyyat əməkdaşlığının gücləndirilməsi, kibercinayətkarlığın qarşısının alınması və mühakiməsi, rəqəmsal kriminalistika, kütləvi tədbirlərin, ictimai yerlərin müşahidəsi və mühafizəsi kimi geniş spektrli, aktual məsələlərin müzakirəsi nəzərdə tutulub./apa/