Ramil Usubov Nardaran sakinləri ilə görüşdü
18.01.2016 467 0.0 0

Daxili işlər naziri Ramil Usubov nardaranlılarla görüşüb. DİN-dən verilən məlumata görə, prezident İlham Əliyevin tapşırığına əsasən, Sabunçu Rayon Polis İdarəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun Nardaran qəsəbə sakinlərindən bir qrupu ilə görüşü keçirilib.

Nazir R.Usubov ölkəmizin hər yerində olduğu kimi, Nardaranda da bu gün kriminogen durumun tam nəzarətdə olduğunu vurğulayıb. Qəsəbədə aparılan intensiv tikinti-quruculuq və sakinlərin sosial-məişət problemlərinin qısa müddətdə aradan qaldırılması üçün görülən işlərə də toxunan nazir göstərilən istiqamətlərdə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Bir daha qəsəbə sakinlərinin nəzərinə çatdırılıb ki, bu gün Nardaranda aparılan abadlıq-quruculuq işləri, eləcə də dövlət orqanlarının yerli qurumlarının tam fəaliyyət göstərməsi istiqamətində atılan bütün addımlar İlham Əliyevin birbaşa nəzarəti altındadır.

Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Eldar Quliyev və rayon Polis İdarəsinin rəisi Eldar İlyasov çıxış edərək qəsəbədə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Artıq qəsəbədə su, işıq, qaz kimi problemlər tam həllini tapıb, şagirdlər təhsilə cəlb olunublar.

 

 

Daxili işlər naziri R.Usubov görüşdə ictimaiyyət nümayəndələri tərəfindən qaldırılan bəzi problemlərin də həll olunması üçün digər dövlət qurumları ilə birlikdə müvafiq işlərin görüləcəyini bildirib.

Nardaranda ötən ilin noyabr ayının 26-da atışma olub. Hadisə zamanı 2 polis əməkdaşı və 4 yerli sakin dünyasını dəyişib. Qəsəbədə xüsusi əməliyyat keçirilib. 
Dekabr ayının 1-i səhər saatlarında da Nardaranda yenidən xüsusi əməliyyat başlayıb. 
Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olmuş, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərib. 

Hadisədən sonra Azərbaycan respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu məsələ ilə bağlı birgə məlumat yayıb.

Xüsusi əməliyyat Azərbaycan Respublikası prezidentinin nəzarətində olub və onun gedişi mütəmadi məruzə olunub./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar