Ramil Usubov geniş Kollegiya iclası keçirib
06.06.2015 767 0.0 0

İyunun 6-da Daxili İşlər Nazirliyində "Mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması" və "Ailə-məişət münaqişəsi zəminində törədilən cinayətlərin qarşısının alınması" sahəsində görülən işlərin  vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini bildirib. 

Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla qeyd edir ki, Nazir bildirib ki, respublika üzrə qeydə alınan cinayətlərin orta hesabla 30 faizini təşkil etdiyinə, onların qarşısının alınması, açılması, vətəndaşların hüquqlarının bərpası və dəymiş zərərin ödətdirilməsi sahəsində görülən işlər mühüm əhəmiyyət kəsb etdiyinə görə mülkiyyət əleyhinə olan hüquqazidd əməllərlə mübarizədə idarəçiliyin təkmilləşdirilməsi daim diqqət mərkəzində olub. 
Ailə-məişət zəminli hüquq pozuntularının qarşısının alınmasının, belə halların yaranmasının səbəb və şəraitinin aradan qaldırılmasının profilaktik işin vacib elementlərindən biri olduğu, son illər ictimaiyyətlə, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmini işinin beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə mühüm tədbirlərin görüldüyü, zəruri funksional və struktur dəyişikliklərin aparıldığı vurğulanıb. 
Mövcud kriminogen duruma toxunan nazir cari ilin 5 ayında da cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üzrə kompleks tədbirlərin uğurla davam etdirildiyini, keçən ilin müvafiq dövrü ilə müqayisədə göstərilən müddətdə ümumi cinayətlərin, o cümlədən  şəxsiyyət və mülkiyyət əleyhinə olan hüquqazidd əməllərin açılmasının yaxşılaşdığını, bağlı qalmış cinayətlərin sayının isə azaldığını diqqətə çatdırıb.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski çıxış edib və deyib ki, mülkiyyət əleyhinə cinayətlərin profilaktikasında Nazirliyin informasiya sistemlərinin tətbiqinin də böyük rolu olub. "102" xidməti və "Təhlükəsiz şəhər" sisteminin texniki imkanları ilə 55 oğurluq, 6 quldurluq, 2 dələduzluq, 5 soyğunçuluq, 1 əmlakı qəsdən məhv etmə və sair cinayətlər "isti izlərlə" açılıb, axtarışda olan 152 avtomobil saxlanılıb, avtomatlaşdırılmış kriminalistik uçotlar vasitəsilə 174 cinayət açılıb.
Xüsusi mülkiyyətdə olan obyektlərdə və şəxsi mənzillərdə mühafizə-siqnalizasiya vasitələrinin quraşdırılması məqsədilə əhali arasında təbliğatın gücləndirilməsinə dair aidiyyəti Kollegiya qərarlarının icrası üzrə görülmüş tədbirlərlə cari ildə mühafizəyə götürülmüş obyektlərin sayı 165, mənzillərin sayı isə 354 vahid artıb. Son il yarım ərzində qorunan 191 obyektdə oğurluq faktlarının qarşısı alınaraq 78 nəfər yaxalanıb. Bu və digər təşkilati tədbirlər mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizədə kriminogen durumun bütövlükdə nəzarətdə saxlanılmasını təmin edib. 
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 2014-cü ildə və cari ilin ötən dövründə mülkiyyət əleyhinə cinayətlər törətmiş 1810 nəfərdən ibarət 657 qrup və mütəşəkkil dəstə, o cümlədən mənzillərdən oğurluq etmiş 251 nəfərdən ibarət 85 qrup zərərsizləşdirilib. Mülkiyyət əleyhinə olan 7986 cinayətin açılması təmin olunub, 4581 nəfər məsuliyyətə cəlb edilib, habelə axtarışa elan olunmuş 1292 təqsirləndirilən şəxs tutulub. 
Bu müddətdə Baş İdarənin yerlərə göstərdiyi əməli köməkliklər nəticəsində 200-dən çox cinayət açılıb, o cümlədən Cibgirlik cinayətlərinə qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatları əsasında Bakı şəhərində və Abşeron rayonu ərazisində mənzillərdən 103 oğurluq cinayəti törətmiş Azərbaycan və Gürcüstan vətəndaşlarından ibarət qrup ifşa edilib. 

Ailə-məişət münaqişəsi zəminində törədilən cinayətlərin qarşısının alınması sahəsində görülən işlər barədə məruzə ilə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov bildirib ki, son il yarım ərzində respublika üzrə açılması təmin edilmiş qəsdən adam öldürmə və ona cəhdlərin 54,2 faizi, həmçinin  qəsdən sağlamlığa ağır və   az ağır zərər vurmaların 70,4 faizi ailə münaqişəsi zəminində törədilib.
C.Məmmədov qeyd edib ki, münaqişəli ailələr, qonşular və qohumlar arasında mülki öhdəçilik, qısqanclıq və s. səbəbdən olan uzunmüddətli ziddiyyətlərin aradan qaldırılması üçün zəruri profilaktik tədbirlər müəyyənləşdirilərək həyata keçirilib, müvafiq maarifləndirmə işlərində İctimai Şura üzvlərinin imkanlarından istifadə olunub. Eyni zamanda, polis sahə məntəqələrinin işinin təkmilləşdirilməsi, əhali ilə əlaqələrin genişləndirilməsi, vətəndaşların, zorakılığa məruz qalmış şəxslərin polis sahə məntəqələrinə müraciət etməsinin asanlaşdırılması istiqamətində işlər  davam etdirilib.
Beynəlxalq təşkilatların məişət zorakılığı ilə bağlı respublikamızda keçirdikləri maarifləndirmə tədbirlərinə Nazirlik tərəfindən dəstək verilib, həmin tədbirlərdə digər xidmətlərlə yanaşı, polis sahə rəisləri və inspektorları da iştirak ediblər.

 

General-polkovnik Ramil Usubov təqribən bir həftə sonra ilk Avropa Oyunlarının keçiriləcəyini xatırladaraq bu möhtəşəm idman yarışlarının ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən geniş quruculuq, abadlıq işlərinə, köklü demokratik, hüquqi islahatlara verilən yüksək qiymətin daha bir əyani təzahürü olduğunu vurğulayıb. Nazir bu məqsədlə dövlət başçımızın müvafiq sərəncamı ilə Təşkilat Komitəsinin yaradıldığını, Azərbaycan Prezidentinin və sözügedən Komitənin sədri, ölkənin Birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə planlaşdırılan tədbirlərin çox böyük sürətlə, ardıcıllıqla yerinə yetirildiyini və ciddi nəzarətdə saxlanıldığını qeyd edib, bu Oyunların Azərbaycanın dünyada daha yaxından tanıdılması, ölkəmiz barədə həqiqətlərin beynəlxalq aləmdə daha çox yayılması, öyrənilməsi və ölkəmizin milli maraqları baxımından unikal bir imkan olduğunu deyib. 

Ramil Usubov bu möhtəşəm beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələrin düşdüyünü, bu məqsədlə 25 mindən çox əməkdaşın və hərbi qulluqçunun ictimai qaydanın nümunəvi qorunması və ictimai təhlükəsizliyin etibarlı təmini işinə cəlb edildiyini, Oyunların yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün digər hüquq-mühafizə və təhlükəsizlik orqanları ilə birlikdə bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb, hər bir əməkdaşdan üzərinə düşən məsuliyyəti dərindən dərk edərək əsl vətəndaş mövqeyi və fədakarlıq göstərilməsini tələb edib.

Nazir əmin olduğunu bildirib ki, şəxsi heyət qanunvericiliklə üzərinə düşən məsul vəzifələrin və Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin qarşıya qoyduğu bütün tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkəmizdə sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcəkdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar