Daxili işlər naziri Ramil Usubov aprelin 29-da Göyçay Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarından qəbul üçün müraciət edən sakinlər iştirak ediblər.
Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.
Qəbuldan sonra kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, yuxarıda adları çəkilən şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin, “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirilib.
Sıra baxışında həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən 860 nəfər iştirak edib. Onların arasından daha hazırlıqlı olan 71-i polisin, 25 nəfəri Daxili Qoşunların sıralarında xidmətə, 239 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.
Daxili işlər naziri namizədləri təbrik edərək gələcək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib./report/