Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.
Qazeta.info QMİ-nin məlumatına əsasən bildirir ki, fətvada deyilir:
Bismillahir-rəhmanir-rəhim!
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura ilahi rəhmət və bərəkət qapılarının açıldığı müqəddəs Ramazan ayının başlanması münasibətilə xalqımızı və dünya müsəlmanlarını təbrik edir, Allah-Təaladan dua və ibadətlərimizin qəbul olunmasını diləyir. Bununla əlaqədar olaraq Qazılar Şurası və Elmi-Dini Şura aşağıdakıları bəyan edir:
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.
İnsanların düşünüb ibrət almaları, Haqq yoluna hidayət olunmaları üçün göndərilən Qurani-Kərim məhz Ramazan ayının mübarək Qədr gecəsində nazil olmuşdur. Qadir Allah “Bəqərə” surəsinin 183-cü ayəsində Ramazanda oruc tutmağın müsəlmanlara vacib olduğunu bəyan edərək belə buyurmuşdur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz!”
Oruc insanı səbrə, nəfsi tərbiyə etməyə, paklıq, mərhəmət və xeyirxahlığa, habelə ehtiyac sahiblərinin halını anlamağa təşviq edən bir ibadətdir. Bu ibadətin fəzilətindən bəhs edən Peyğəmbər (s) buyurmuşdur: “Kim Ramazan ayının orucunu iman edərək və savabını yalnız Allahdan gözləyərək tutsa, keçmiş günahları bağışlanar”. Rəsulullahın (s) “kiçiklərinizə mərhəmət və böyüklərinizə hörmət göstərin” tövsiyəsinə əsasən ilk olaraq valideynlərə ehtiram göstərmək, uşaq evlərinə, yaşlılara, ehtiyac sahiblərinə maddi və mənəvi dəstək olmaq, kimsəsizlərin kimsəsi olmaq orucluqda Allah-Təalanın rizasını qazanmaq üçün bir fürsətdir. Cəhənnəm qapılarının bağlandığı və ilahi məğfirətin bol olduğu Ramazanda Qurani-Kərimi oxuyub mənasını dərk etməyə çalışmaq, qohum-qonşuya baş çəkmək, əbədi aləmə köç edənlərin ruhunu yad etmək, insanların sevinc və qəminə şərik olmaqla cəmiyyətdə dostluq və qardaşlığı təbliğ etmək dinimizdə böyük savablardan hesab olunur.
QMİ bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazanın başlanğıcı, bu ayın namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib etmişdir. Qazılar Şurası və Elmi-Dini Şura bəyan edir ki, dindarlarımız başqa mənbələrdən əldə edilən, məzhəblərarası təfriqə və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərdən heç bir vəchlə istifadə etməsinlər. Din xadimləri belə halların qarşını almağa çalışmalıdırlar. Ümid edirik ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətlərinin müvafiq qurumları da bu məsələdə öz köməyini əsirgəməyəcək, məhz QMİ tərəfindən tərtib edilən Ramazan təqviminin kütləvi informasiya vasitələrində, o cümlədən sosial mediada təbliğinə və yayılmasına nəzarət edəcəklər.
Qazılar Şurası və Elmi-Dini Şura mübarək Ramazan ayı ərzində iftar vaxtından əvvəl ehsan adı ilə açılan süfrələrdə iştirak etməyin böyük günahlardan hesab olunduğunu diqqətə çatdıraraq bildirir ki, belə məclislərdə iştirak edən din xadimləri barəsində ciddi tədbirlər görüləcəkdir.
Qazılar Şurası tövsiyə edir ki, bu əziz ayda dinimizdə müqəddəs sayılan şəxslərlə yanaşı, Vətənimizin azadlığı və torpaqlarımzın bölünməzliyi uğrunda canlarından keçən 20 Yanvar, Qarabağ və Aprel şəhidlərinin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərliyin təbliğinə xüsusi diqqət yetirilsin.
İnşallah, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcəkdir. Azərbaycan xalqı və dövləti bu böyük və əziz bayramı hər il yüksək səviyyədə qeyd edir. Dövlətimizin dini dəyərlərə, dindarlara və din xadimlərinə diqqət və qayğısı respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyəsinin təzahürüdür. Dövlət başçısı tərəfindən əhalinin rifahının daha da yüksəlməsi naminə həyata keçirilən sosial-iqtisadi islahatları və dinimizin təbliğ etdiyi humanizm prinsiplərinə uyğun olaraq azadlıqdan məhrum edilmiş yüzlərlə şəxsin əfv olunması haqqında imzalanan Sərəncamı ölkə dindarları böyük minnətdarlıq və rəğbətlə qarşılayırlar.
Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün, fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir. Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.
Ramazan duaların qəbul olunduğu bir aydır. Bu ayda müstəqil Azərbaycanımızın banisi mərhum Heydər Əliyevi rəhmətlə yad edir, dövlətçiliyimizin möhkəmlənməsi və inkişafı, xalqımızın tərəqqisi naminə əzmlə çalışan dövlət rəhbərimiz İlham Əliyev cənablarına Allah-Təaladan xeyir-dualar diləyirik. Uca Rəbbimizdən arzumuz budur ki, ölkəmizdə və dünyada sülhü, əmin-amanlığı bərqərar eləsin, xalqımıza işıqlı və firavan gələcəyi, gələn Ramazan ayında iftarlarımızı doğma Qarabağımızda qeyd etməyi nəsib eləsin! Allah oruc və namazlarınızı qəbul etsin! Amin!
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Ramazan ayı ilə əlaqədar verilən fətvanın ölkənin bütün məscidlərində və ibadət yerlərində din xadimləri tərəfindən oxunmasını məqsədəuyğun hesab edir.
Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh