Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu gün axşam niyyət axşamıdır və sabah artıq Ramazanın ilk günü hesab olunacaq.
Bu gün niyyət axşamı isə müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.
Qeyd edək ki, Ramazan ayının başlanması ilə bağlı QMİ-nin Qazilər Şurasının fətvası var. Fətvaya əsasən bu il Azərbaycanda miladi təqvimlə 18 iyun, hicri tarixlə Ramazan ayının birinci günüdür. Eydül-Fitr (Fitr bayramı) isə şəvval ayının 1-nə, miladi təqvimlə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.
Fətvada deyilir: “Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini əhatə edən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib. Mənəvi vəhdətimizi qorumaq məqsədilə müxtəlif mənbələrdən daxil olmuş, məzhəb, vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək digər təqvimlərə müraciət etmək düzgün deyil. Buna görə də dindarlarımıza, bölgələrdəki qazılara, səlahiyyətli nümayəndələrə, imam və axundlara ibadət məkanlarımızda bu təqvimə riayətin vacib olduğunu bildiririk. Bildirmək istərdik ki, Azərbaycan hökuməti istər Qurban, istərsə Ramazan bayramlarının iki gün bayram edilməsi barədə qərar verib. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtında (Ramazan ayının son günündə) çıxarılması və imkansızlara verilməsi İslamda vacib əməllərdəndir. Bu, ehtiyacı olanların da bayram sevinci yaşamasına şərait yaradır. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xəbərdarlıq edir ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etməkdən qəti şəkildə çəkinməlidirlər, belə ki, bu, şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək. Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, o cümlədən, Qarabağ şəhidlərinin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun. QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə və dindarlara tövsiyə edir ki, Avropa oyunları günlərində xarici qonaqlarımıza zəngin mənəvi, tarixi-mədəni irsimizlə yaxından tanış olmaq imkanının yaradılması üçün əllərindən gələni əsirgəməsinlər”.
Eyni zamanda QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında tərtib etdiyi müqəddəs Ramazan ayının təqvimini də açıqlayıb. Təqvimdə müqəddəs Ramazan ayında hər gün oxunan, eləcə də iftardan qabaq oxunan dualar yer alıb./apa/