Respublikanın daxili işlər və prokurorluq orqanları ölkə ərazisində bir sıra ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən daha bir təhlükəli mütəşəkkil cinayətkar dəstəni ifşa etmişlər.
Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə odlu silahla qətlə yetirlmiş meyiti tapılmış və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı.
Polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından ibarət qrup hadisə yerinə çıxmış və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri və müvafiq ekspertizalar həyata keçirilmişdi.
Araşdırmalarla müəyyən edilmişdir ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilmiş Nurəddin Xəlilova, Müşfıq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat vermişdir. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl- zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəlmişlər.
Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə getmiş, təxminən saat 04:00 radələrində üzlərinə maska taxaraq quldurcasına Vahid Vahabovun yaşadığı mənzilə soxulmuş, odlu silahla onu öldürmüş, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetirmişlər.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunmuşlar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, “Vincester” markalı tüfəng, “Revolver” tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapaçaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanmış dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulmuş digər əşyalar götürülmüşdür.
Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin ötən il martın 18-də və iyulun 18-də Bakı şəhər sakinləri - Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, cari il yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə, 1 ov tüfəngi oğurlamaları müəyyən edilmişdir.
Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etmələri də məlum olmuşdur.
Mütəşəkkil dəstənin digər üzvlərinin tapılıb tutulmaları istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.