Rəsədxanadan əhaliyə xəbərdarlıq
25.07.2016 2128 0.0 0

Ötən gün Yerdə geomaqnit həyəcanlanmaları qeydə alınb.
 
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib ki, buna iyulun 23-də Günəşdə baş verən alışmadan sonra tac plazma kütlələrinin klsater şəklində atılması səbəb olub.
 
E. Babayevin sözlərinə görə, bu plazma buludları birbaşa Yerə doğru yönəlməsə də, yaratdığı effektlər dolayısı yolla Yerin maqnit sahəsinə təsir edib. O qeyd edib ki, nəticədə maksimumu 5 olan şkala üzrə G-1 sinfinə mənsub geomaqnit həyəcanlanması baş verib: “Maksimumu 9 qradasiya üzrə geomaqnit Kp indeksi dünən 5 rəqəminə çatıb. Bu böyük rəqəm deyil, lakin kiçik də sayılmaz: "Hər halda geomaqnit həyəcanlanması yaranıb. Hazırda Günəş səthində sakitlik hökm sürür və cəmi 16 Günəş ləkəsi var. Bunlar da bir Günəş fəallığı qrupunda birləşib. Sonradan indeks bir qədər də enib və hal-hazırda 3 ətrafındadır. Bu o deməkdir ki, həyəcanlanma getdikcə zəifləməkdədir”.
 
E.Babayev vurğulayıb ki, bu dəfə qeydə alınan geomaqnit qasırğası kommunikasiya və naviqasiya, yüksək tezlikli elektromaqnit siqnallarına maneə yaradıb. Maksimumu 5 olan şkala üzrə R-1 radiosönmə “qasırğası” da müşahidə edilib. Bu da radiosiqnalların qısa müddətli “donma”sına, onlarda hansısa qısamüddətli fluktuasiyalara (həyəcanlanmalara) səbəb olub.
 
Direktor müavini əlavə edib ki, hazırda Günəş səthində orta ölçülərə malik tac dəliyi müşahidə olunur. Tac dəliyindən adətən yüksək sürətli qaynar plazma küləyinin “əsdiyini” deyən E.Babayev vurğulayıb ki, yüklü zərrəciklər seli Yerətrafı fəzaya çatanda əlavə həyəcanlaşma və hətta geomaqnit qasırğası yaradır: “Bu dəfə tac dəliyindən olan mənfi təsirlər iyulun 29-30-da gözlənilir. Günəşin səthində alışmaların olma ehtimalı isə çox aşağıdır. Çünki Günəş səthində ləkələrin sayı həddən artıq azdır”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar