Qurban Qurbanov: Sabahkı oyun Azərbaycan futbolu üçün önəmlidir
14.08.2017 701 0.0 0

"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Danimarka təmsilçisi "Kopenhagen"lə Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk oyunu barədə fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, 45 yaşlı mütəxəssis matçdan əvvəl təşkil edilən mətbuat konfrasında jurnalistlərin suallarını da cavablandırıb.

- Çox vacib oyuna hazırlaşırıq. Matçın mahiyyətini bilirik. Futbolçular məsuliyyəti dərk edirlər. Bizim üçün tanış olmayan bir sistemlə çıxış edən rəqibə qarşı oynaycağıq.

- Komandada gərginlik yoxdur?

- Optimal formamızdan uzağıq. Bəzi futbolçularda mikrozədələr oldu. İndi elə də bir problem yoxdur. Bu matç Azərbaycan futbolu üçün önəmlidir. Lakin oyunçuların üzərinə getmək, onları təzyiqdə saxlamaq olmaz.

- Rəqibin oyununu canlı izləməməyiniz nə ilə bağlıdır?

- Bəzən canlı izləməyə ehtiyac yoxdur. Bu ölkənin komandasına qarşı Avstriyada yoxlama oyunu keçirdik. Daha çox videolara təkrar baxmışıq. Rəqib barədə məlumat toplamışıq.

- "Qarabağ" Skandinaviya klublarına qarşı həmişə uğurlu çıxış edib. Bəlkə bu arxayınçılıq yaradıb və rəqibə canlı baxmağa gərək görməmisiniz?

- Arxayınçılıqdan söhbət gedə bilməz. Həm Danimarka futbolu, həm də "Kopenhagen" fərqlidir. Rəqib intizamlı komandadır. Elə olmur ki, onların oyun sistemi pozulsun. Daim nəzarəti əllərində saxlayırlar.

- "Kopenhagen" ölkə çempionatında ardıcıl xal itirib. Bu rəqibə necə təsir edəcək?

- Öz təcrübəmdən deyirəm ki, belə olanda komanda daha da məsuliyyətli olur. Həm də çempionatla avrokubok fərqlidir. “Kopenhagen”in çox böyük təcrübəsi var və bu bizə hər an mane ola bilər. Əlimizdən gələni edəcəyik. Matçın gedişində bəzi dəyişikliklərə əl ata bilərik. Sabah futbolçularım düzgün oyun qurmağa çalışacaqlar.

- Donald Gerryenin zədəsi necədir?

- Sağlamlığı pis deyil. Sabah həkimlərin fikrini bir daha soruşacağam və qərarımı verəcəyəm.

- Avropa Liqasının qrup mərhələsini təmin etmisiniz. Bunu bilib meydana çıxmaq futbolçulara mənfi təsir etməyəcək?

- Çempionlar Liqasının matçına çıxacağıq və onun himni səslənəcək. Belə ağır oyunlar çox olub və həmişə çalışmışıq ki, meydanı başıyuxarı tərk edək. Ən azı bu səviyyədə qalmalı və mümkün qədər “artırmalıyıq”.

- Dani Kintananın yenidən zədələnməsi planlarınızı pozmadı ki?

- Əlimdə nə qədər çox futbolçu olsa, bir o qədər yaxşıdır. Onun zədəsi çox ciddi deyil. Yəqin tam formasını bərpa etməsi üçün bir ay lazım olacaq./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar