Qüdrət Həsənquliyev: İndi birlikdə və güclü olmanın zamanıdır
14.03.2016 694 0.0 0

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Ankarada baş vermiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyini bildirib.
 
BAXCP-nin mətbuat xidmətindən verilən məlumata görə, partiya sədri bu dəhşətli cinayətdən son dərəcə hiddətləndiyini və terrorizmi qətiyyətlə pislədiyini deyib: “Terror aksiyası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türk xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
 
Q. Həsənquliyevin sözlərinə görə, baş verən hadisə heç bir halda Türkiyə prezidentinin Azərbaycana səfərinin təxirə salınmasına səbəb olmamalıdır: “Artıq ikinci dəfədir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində Ankarada dəhşətli terror aksiyası həyata keçirilir. Baş verənlər terror aksiyalarının Azərbaycanla Türkiyənin yaxınlaşmasında maraqlı olmayan qüvvələr tərəfindən sifariş və icra olunduğu ehtimalını gücləndirir. Bu baxımdan indi Azərbaycan-Türkiyə əlaqələrinin gücləndirilməsinə və inkişaf etdirilməsinə daha çox ehtiyac var. Hesab edirəm ki, qardaş ölkə prezidentinin səfəri bütün hallarda gerçəkləşdirilməli və bu müstəvidə Azərbaycanla Türkiyənin yaxınlaşmasını istəməyən qüvvələrə tutarlı cavab verilməlidir. İndi birlikdə və güclü olmanın zamanıdır”.
 
BAXCP sədri hesab edir ki, Türkiyədə terror aksiyalarını gerçəkləşdirən PKK-PYD və digər bu kimi terror təşkilatları bölgədə maraqları toqquşan xarici güclər tərəfindən maliyyələşir və idarə olunur: “Təəssüf ki, belə terror təşkilatlarını müdafiə edənlərin sırasında Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına mane olmağa çalışan ölkələrlə yanaşı Türkiyənin ənənəvi müttəfiqləri də var. Buna baxmayaraq, Türkiyə bölgədə öz iyrənc ssenarilərini gerçəkləşdirməyə cəhd göstərən güclərin təzyiqləri qarşısında geri çəkilməməli, terrorçu qrupların məhv edilməsi istiqamətində daha sərt və güzəştsiz addımlar atmalıdır”.
 
Q. Həsənquliyev belə məsələlərdə demokratiya oyunlarının dövlətin təhlükəsizliyinə ciddi zərbə vuracağını və daha ağır nəticələrə yol aça biləcəyini vurğulayıb: “Təkcə terrorçulara deyil, eyni zamanda terror aksiyaları zamanı qətlə yetirilən yüzlərlə günahsız insanın qanı üzərindən siyasət yürütməyə çalışan, terror təşkilatlarının müdafiəsinə qalxan, onlara siyasi dəstək verənlərə qarşı da sərt, çevik və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar