Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər.
Ölkəmizin müstəqillik tarixində ev sahibliyi edəcəyi mötəbər tədbir - birinci Avropa Oyunları beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzindədir.
Aprelin 26-sı isə ilk Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşür. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan Atəşgahdan başlayır. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.
Azərbaycan Prezidenti İlham ƏLİYEV mərasimdə çıxış edərək bildirib ki, "2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olunub. Bu, tarixi bir qərar idi. Çünki başqa qitə oyunlarından fərqli olaraq, Avropada Oyunlar heç vaxt keçirilməmişdir. Bu, Azərbaycana Avropa Olimpiya ailəsi tərəfindən göstərilmiş böyük etimad idi. Bu qərara görə Avropa Olimpiya Komitəsinə və onun prezidenti cənab Patrik Hikkiyə Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək istəyirəm. "
Daha sonra bu qərarın çox sevindirici olduğunu qeyd edən ölkə başçısı, ölkə üçün həm böyük şərəf, həm də böyük məsuliyyət olduğunu qeyd edib. Vaxtın məhdud olduğuna və məhdud zaman kəsiyində görülən işlərdən danışan ölkə başçısı bu işlərdə daim Avropa Olimpiya Komitəsinin dəstəyinin hiss olunduğunu qeyd edərək, oyunların hazırlanması üçün bütün məsələlər öz həllini tapdığını diqqətə çatdırıb.
"Şəxsən mən hesab edirəm ki, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərar bir neçə amillə bağlıdır. İlk növbədə, bunu idmançılarımızın uğurlu çıxışı mümkün etmişdir. Son Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 30-cu yerə layiq görülmüşdür. Avropa ölkələri arasında isə biz 15-ci yerə yüksəlmişik. Eyni zamanda, Azərbaycanda gözəl gənc nəsil yetişir. Gənc idmançılarımız da bizi sevindirir. Keçən il yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan komandası 10-cu yerə yüksələ bilmişdir. Bu, tarixi nailiyyətdir.
Bununla bərabər, son illər ərzində Azərbaycanda müasir idman infrastrukturu yaradılmışdır. Azərbaycanın bölgələrində 40-dan çox Olimpiya İdman Mərkəzi yaradılmışdır. Bakı şəhərində yaradılan və əsaslı şəkildə təmir edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab verir. Şəxsən mən hesab edirəm ki, bundan yüksək standart mümkün deyil.
Nəqliyyat infrastrukturumuz yeniləşib, müasirləşib və bu gün bizim tələblərimizə tam cavab verir. Xidmət infrastrukturu yaradılır. Bakıda bütün aparıcı brend otellər fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir." deyə qeyd edən ölkə başçısı beynəlxalq yarışların keçirilməsi üçün Azərbaycanın kifayət qədər geniş təcrübəsinin olduğuna diqqət çəkib.
Bundan başqa 2017- ci ildə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcəyini qeyd edən ölkə başçısı bunun, əslində Azərbaycanın dünyada oynadığı nadir rolu əyani şəkildə ifadə olunduğunu bildirib.
Daha sonra prezident qeyd edib ki, "Azərbaycan əsrlər boyu sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun aparılması üçün öz imkanlarını ortaya qoyur. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir.
Mən əminəm ki, bizim idman bayramlarımıza gələn xarici qonaqlar, idmançılar, məşqçilər Bakıdan öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar. Azərbaycan gənc müstəqil dövlətdir. Ancaq bizim çox böyük və zəngin tarixi və mədəni irsimiz var. Azərbaycanın zəngin tarixi, mədəniyyəti bizim qürur mənbəyimizdir. Azərbaycanda qədim tarixi memarlıq abidələri bizim qürur mənbəyimizdir.
Bu gün biz qədim Atəşgah məbədinin önündə toplaşmışıq. Bu gün birinci Avropa Oyunlarının məşəli Atəşgah məbədində alovlandırılacaqdır. Bu məşəl ölkəmizin bütün şəhərlərinə gətiriləcək, bütün ölkəmizi dolaşacaq ki, Azərbaycan xalqı bu gözəl idman və dostluq bayramını qeyd etsin.
Mən birinci Avropa Oyunlarında iştirak edəcək bütün idmançılara uğurlar arzulayıram.
Qoy, güclü qalib gəlsin! Yaşasın Azərbaycan!"