Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri və idarəetmə orqanlarında yeni tədris dövrü başlayıb.
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, ordumuzun qarşısında qoyulan tapşırıqlar Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına uyğun olaraq quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə yerinə yetiriləcək.
Silahlardan plana uyğun və ardıcıl surətdə istifadə olunması ilə qoşunların idarəedilməsinin səmərəliliyinin artırılması, qarşılıqlı uzlaşmanın gücləndirilməsi, döyüş növbətçiliyinin keyfiyyətli təşkili, şəxsi heyətin döyüş qabiliyyətinin, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsi yeni tədris dövrünün əsas məqsədlərindəndir.
Maddi-texniki bazanın gücləndirilməsi, əsaslı planlaşdırma və digər təşkilati məsələlər yeni tədris dövründə döyüş hazırlığının daha keyfiyyətli təşkilinə imkan yaradacaqdır.
Müdafiə nazirinin göstərişi ilə əsas diqqət şəxsi heyət tərəfindən müasir döyüş texnikası və silah-sursatın müxtəlif iqlim, çətin relyef şəraitində düzgün istifadə və tətbiq edilməsi bacarıqlarının daha da artırılmasına yönəldiləcəkdir.