Məqsəd və prinsipləri
Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyiQoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qeyri-iyerarxik xarakter daşıyan, idarəçiliyi rotasiya əsasında dəyişən təşkilatın hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.
Təşkilata üzv olan hər bir dövlət təşkilatın prinsiplərinə bağlılığını bildirməlidir. Təşkilata üzvlük prinsipləri hələ Təşkilatın təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilmişdir. “Bandunq prinsipləri” aşağıdakılardır:
1.BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək;
2.Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək;
3.Sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq;
4.Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;
5.BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək;
6.Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;
7.Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək;
8.BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək;
9.Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək;
10.Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək.
Strukturu və iş qaydaları
Təşkilatın daimi orqanı və mənzil qərargahı yoxdur. QH BMT Mənzil qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə təşkilatın Sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur. Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və təşkilat daxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə QH öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir.
Hərəkata sədrlik müxtəlif regional qruplardan olan dövlətlər arasında üç ildən bir rotasiya edir. Müvafiq regional qrupdan namizədliyi təqdim etmiş dövlət təşkilatın Sammiti vaxtı bütün üzv dövlətlərin razılığı ilə Sədr seçilir. Sədr dövlət üç illik sədrlik müddətinin əvvəlində zirvə görüşünə və sədrliyinin axırıncı ilində nazirlər iclasına ev sahibliyi edir. Bundan əlavə, sədr dövlət BMT yanında daimi nümayəndəliyi vasitəsi ilə Hərəkatın Bürosuna rəhbərliyi və sədrliklə bağlı digər vəzifələri icra edir. Praktikaya əsasən, sədrlik funksiyasını qəbul etmiş dövlət sədrlik müddətində öz Xarici İşlər Nazirliyində bütövlükdə bir struktur bölməsini QH-nin işlərinə həsr etməli və QH-nin ideya və prinsiplərinin tərənnüm olunmasına çalışmalıdır. Adətən, təşkilata sədrlik edən dövlət inzibati xarakterli xərclərin ödənməsini öz öhdəsinə götürür.
QH üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasındakı qruplaşması (“Caucus”) QH-nin vacib orqanlarından biri olmaqla QH üzvlərinin TŞ-dəki mövqelərinin təmin olunmasına xidmət edir. TŞ-yə seçilmiş QH üzvlərindən ibarət olan bu qruplaşmanın fəaliyyəti Əlaqələndirici Büro vasitəsilə tənzimlənir. Qruplaşma mütəmadi əsasda görüşlər keçirməklə BMT TŞ-də QH adından nümayiş olunacaq vahid mövqeyi nəzərdən keçirir. Digər tərəfdən sözügedən qruplaşma vasitəsilə QH öz Sammitlərinin qərarlarının TŞ-nın müvafiq sənədlərində əks olunması istiqamətində çalışır. Qruplaşma daxilində qrupun əlaqələndiricisi seçilir və həmin əlaqələndirici dövlət mütəmadi əsasda Əlaqələndirici Büro vasitəsilə BMT TŞ-də müzakirə olunan əsas məsələlər və QH-nin vahid mövqeyinin nümayiş olunması tələb olunan mövzular barədə QH üzvlərinə məlumat verir. Eyni zamanda, Büro sədri BMT TŞ-nin iclaslarında iştirak edə və təşkilata üzv dövlətlər üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi zamanı QH-nin vahid mövqeyini ifadə edə bilər.
QH-nin digər vacib struktur bölməsi Birgə Əlaqələndirmə Komitəsidir. Metodologiya üzrə Kartagena (1996) sənədinə əsasən bu Komitənin əsas funksiyası inkişaf etməkdə olan dövlətlərin maraqlarının beynəlxalq aləmdə birgə müdafiə olunması üçün QH üzvü olan dövlətlər ilə “77-lər Qrupu” arasında əlaqələndirmə və əməkdaşlığın aparılmasıdır. QH metodologiyası üzrə Havana sənədinə (2006) əsasən Əlaqələndirmə Komitəsi ildə ən azı iki dəfə görüş (ilin əvvəli və BA-nın debatlarından sonra) keçirməlidir.
QH-nin Avropanın bəzi strukturları ilə oxşarlıq təşkil edən cəhətlərindən biri Təşkilata sədrlik edənlərin “Troika”sının mövcud olmasıdır. “Troika” QH-nin keçmiş, indiki və növbəti sədr dövlətlərindən təşkil olunur və mütəmadi əsasda görüşərək təşkilat üçün vacib əhəmiyyət kəsb edən məsələləri müzakirə edir.
Hərəkat çərçivəsində keçirilən görüşlərə gəlincə, Sammit Konfransları və ya QH-ə üzv dövlətlərin Dövlət və Hökumət Başçılarının görüşü QH-nın əsas ali toplantısıdır. Bir qayda olaraq, Sammitlər 3 ildən bir Baş Assambleyanın debatlarından ən azı bir ay əvvəl keçirilir. Sammitdən öncə Əlaqələndirici Büro Konfransa rəhbərlik edəcək Büronun tərkibini müəyyən edir. Sədr dövlətlə bərabər regional əsasda (8 Afrika, 7 Asiya, 4 Latın Amerika və Karib, 1 Şərqi Avropa) 20 sədr müavini seçilir. Adətən, sammitdən bir neçə gün əvvəl yüksək vəzifəli şəxslərin iclası və xarici işlər nazirlərinin görüşü keçirilir. Yüksək vəzifəli şəxslərin iclasında qəbul edilən qərar və sənədlərə xarici işlər nazirlərinin görüşündə baxılır və təsdiqləndikdən sonra imzalanmaq üçün sammitə təqdim olunur.
Əlaqələndirici Bürosunun Nazirlər Görüşləri Sammitə hazırlıq işlərinin görülməsi ilə məhdudlaşır və Sammitdən ən azı 4 ay əvvəl təşkilata sədrlik edən dövlətin ərazisində keçirilir.
Nazirlər Konfransları sammitdən 18 ay sonra keçirilir və sammitdə qəbul edilən qərarların icrası ilə bağlı vəziyyəti nəzərdən keçirir və növbəti sammitə hazırlıq işləri görür.
BMT Baş Assambleyasının ümumi debatları çərçivəsində nazirlər səviyyəsində görüşlər sentyabr ayında Nyu-Yorkda keçirilir. Bu görüşlərdə Baş Assambleyanın gündəliyi müzakirə edilir və birgə mövqe nümayiş etdiriləcək məsələlər üzrə qərarlar qəbul edilir.
Əlavə olaraq, Kartagena sənədinə əsasən Əlaqələndirici Büronun məsləhəti əsasında xüsusi məsələləri diqqətdən keçirmək üçün Fövqəladə Nazirlər Görüşləri, dəyişən beynəlxalq şəraitə uyğun olaraq Təşkilatın strukturunun və fəaliyyət qaydalarının müntəzəm əsasda yenidən nəzərdən keçirilməsi və uyğunlaşdırılması üçün Metodologiya üzrə Nazirlər Komitəsinin görüşləri, İqtisadi Əməkdaşlıq üzrə Daimi Nazirlər Komitəsinin iclasları və informasiya, mədəniyyət, kənd təsərrüfatı və xarici borc üzrə məsələlərin müzakirəsi üçün Beynəlxalq əməkdaşlığın bir çox sahələrinə həsr olunan Nazirlər Görüşləri keçirilə bilər.
Hərəkatın müxtəlif mövzuları üzrə İşçi və Əlaqə Qrupları və Komitələr mövcuddur. Bu qrupların əsas məqsədi Hərəkatın fəaliyyətinə töhfə verməkdir. Mütəmadi şəkildə qruplar Əlaqələndirici Büroya məruzə təqdim etməli və vacib hesab etdikləri zaman görüş keçirməlidirlər.
Təşkilatın üzv olmaq istəyən dövlətin Dövlət və ya Hökumət başçısı və ya xarici işlər naziri Qoşulmama Hərəkatının Sədrinə yazılı şəkildə müraciət edir və müraciət əsasında məsələ Hərəkatın Sammiti və ya Nazirlər Görüşünə çıxarılır. Üzvlüklə bağlı qərar konsensus yolu ilə qəbul edilir. Təşkilata yeni üzvün qəbulu zamanı heç bir üzv dövlət əleyhinə olmamalıdır.
Azərbaycan və Qoşulmama Hərəkatı
Azərbaycan Respublikası bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən, ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tam hüquqlu üzv olmaq qərarını almışdır. Hərəkata qəbulla bağlı prosedur qaydalarına uyğun olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Naziri 2011-ci ilin yanvar ayında təşkilatın sədri vəzifəsini icra edən Misirin Xarici İşlər Nazirinə təşkilata üzvlüklə bağlı müraciət etmişdir. 16 mart 2011-ci il tarixində Nyu-Yorkda keçirilən QH Əlaqələndirmə Bürosunun iclasında ölkəmizin üzvlüyü ilə bağlı ilkin müzakirələr aparılmış və QH üzv dövlətlərinin ilkin yekdil və müsbət tövsiyəsi əsasında məsələnin QH-nin nazirlər görüşünün gündəliyinə salınması razılaşdırılmışdır. Nəticədə, Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur. Sözügedən tədbirdə xarici işlər naziri cənab Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunan Azərbaycan tərəfi, QH-nin üzvü olaraq, Hərəkatın prinsiplərinə və məqsədlərinə bağlı olduğunu bəyan etmişdir.
Azərbaycan QH-nin müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla Hərəkatın məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz nisbətən qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdur. Hərəkata üzvlük həmçinin, beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlər ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaratmışdır.
06 sentyabr 2011-ci il Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilmiş Qoşulmama Hərəkatının 50 illik yubiley tədbirində Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunmuş və tədbirdə cənab nazir çıxış etmişdir.
09-10 may 2012-ci il tarixlərində Misirin Şarm əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində növbəti iclası keçirilmiş və Yekun Sənəd qəbul olunmuşdur. Hərəkatın üzvü kimi ilk dəfə Azərbaycan tərəfi bu sənədin hazırlanmasına öz töhfələrini vermişdir. Məzmunca kifayət qədər əhatəli olan bu sənədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də daxil edilmişdir. Nazirlər iclasında qəbul edilmiş Yekun Sənədin 382-ci maddəsində[1] Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə etmişdir. Həmin bənddə münaqişənin tənzimlənməsi üçün əsas təşkil edəcək məlum prinsiplərin qeyd edilməsi ilə yanaşı, 120 ölkənin münaqişənin məhz Ermənistan və Azərbaycan arasında olmasını təsbit etməsi də çox əlamətdardır.
Qeyd edək ki, həmin bəndin razılaşdırılması asan başa gəlməmişdir. Ermənistan tərəfi QH-də malik olduğu müşahidəçi statusunun yaratdığı imkanlardan və bir sıra üzv ölkələrlə ikitərəfli münasibətlərindən istifadə edərək, bəndin sənədə daxil edilməsinin qarşısını almağa, bu mümkün olmadıqda isə onu öz marağına uyğun olaraq dəyişdirməyə çalışmışdır. Bununla belə, üzv dövlətlərlə müvafiq iş aparılmış və sözügedən bənd Yekun Sənədə daxil edilmişdir. Adıçəkilən iclasda xarici işlər naziri cənab Elmar Məmmədyarov çıxış etmiş və dövlətlərə Azərbaycanın mövqeyinə münasibətdə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirmişdir.
30-31 avqust 2012-ci tarixlərində İran İslam Respublikasının Tehran şəhərində QH Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşü keçirilmişdir. Ölkəmiz 2012-ci ilin iyul ayında Nyu-Yorkda başlamış hazırlıq tədbirləri daxil olmaqla zirvə görüşünün işində fəal iştirak etmiş və zirvə görüşünün uğurla yekunlaşmasına öz töhfəsini vermişdir. Azərbaycan Respublikası Avropa regional qrupunu təmsil etməklə Hərəkatın Əlaqələndirmə Bürosunun sədr müavini seçilmişdir. Sammit zamanı qəbul olunmuş Yekun Sənədin 391-ci maddəsi[2] Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmişdir. Nazirlər görüşündə qəbul olunmuş bənddən bir addım önə gedərək bu bənddə dövlətlər münaqişənin məhz Azərbaycan Respublikasının “ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həllinə dəstəyi ifadə etmişdir. Sammit ilə bağlı başqa bir əlamətdar hal odur ki, qeyd edilən bəndə daha əvvəl maneəçilik törədən bir sıra QH üzv ölkələri bizim bəndin qəbul olunmasına qarşı çıxmalarını dayandırmış, hətta onlar bizim bəndin qəbul olunmasına aktiv dəstək vermişlər. Tədbirdə nümayəndə heyətinə başçılıq etmiş xarici işlər naziri Elmar Məmmədyarov çıxış etmiş və dövlətlərə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Yekun Sənəddə göstərdikləri davamlı dəstəyə görə təşəkkürünü bildirmişdir.
28-29 may 2014-cü il tarixlərində Əlcəzairdə QH-nin XVII nazirlər iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasını xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Ölkəmiz Əlcəzair nazirlər iclasının bürosunun sədr müavini seçilmiş və plenar iclasın ilk seqmentinə
sədrlik etmişdir. QH üzv dövlətləri nazirlər iclasının yekun sənədinin 421-ci bəndində[1] və Marqaritada keçirilmiş Sammitin 500-cü bəndində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüflərini ifadə etmiş və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstəklərini ifadə etmişlər.
Qeyd edək ki, sonuncu Margarita Sammitinin yekun sənədində Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edən bəndlə yanaşı, BMT-nin Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı il tarixlərində Bakıda keçirilmiş 7-ci Qlobal Forumunu alqışlayan və Qoşulmama Hərəkatının növbəti sammitinin Azərbaycanda keçirilməsi barədə bəndlər daxil edilmişdir.
Azərbaycan Respublikasının 2019-2022-ci illərdə Hərəkata sədrlik və 2019-ci ildə keçiriləcək sammitə ev sahibliyi etməsi nəzərdə tutulur. Sədrliklə bağlı qərara ilkin olaraq QH-nin Əlaqələndirici Bürosunun 2015-ci il ərzində Nyu-Yorkda keçirilən iclaslarında baxılmış və Hərəkatın Əlaqələndirici Bürosunun 2015-ci ilin iyun ayında keçirilən nazirlər konfransının yekun sənədində sədrlik təklifimizə dəstək ifadə edilmişdir. Sədrliklə bağlı yekun qərar 13-18 sentyabr 2016-cı il tarixlərində Venesuelanın Marqarita adasında baş tutmuş QH Sammitində verilmişdir. Bundan əlavə 2018-ci ilin 3-6 aprel tarixlərində Azərbaycanda QH-nin Nazirlər Konfransı keçiriləcəkdir.
Qoşulmama Hərəkatına Azərbaycan Respublikasının sədrlik etməsinin nəzərdə tutulduğu müddət barədə qeyd edək ki, Hərəkatın əsas sənədlərinə görə, sədrlik müddəti üç ildir. Sədrlik onu təhvil alan dövlətin ərazisində sammitin keçirilməsi ilə başlayır. 2012-ci il Tehran sammitinin qərarına görə, 2012-2015-ci illərdə İranın sədrliyindən sonra 2015-2018-ci illərdə Venesuela sədrlik etməli idi. Azərbaycan isə Venesuelanın sədrliyindən sonrakı müddətə 2018-2021-ci illər dövründə sədrlik etməyə dair öz namizədliyini vermişdi. Venesuela daxili çətinlikləri səbəbindən sammitə ev sahibliyi etməsini və sədrliyi öz üzərinə götürməsini bir il təxirə saldığından İranın sədrliyi bir il uzanmışdır. Dəfələrlə təxirə salınmış növbəti sammitin planlaşdırıldığı kimi, bu ilin 13-18 sentyabr tarixlərində keçirilməsi mümkün olsa, onda Venesuelanın üç illik sədrliyi 2019-cu ildə başa çatacaqdır. Belə olduğu halda, Hərəkatın Azərbaycanda növbəti sammitinin keçirilməsi 2019-cu ilə, sədrliyimizin tarixləri isə 2019-2022-ci illərə keçmişdir.
Qoşulmama Hərəkatına üzv dövlətlər
1.Əfqanıstan | 41. Qabon | 81. Pakistan |
2. Əlcəzair | 42. Qambiya | 82. Fələstin |
3. Anqola | 43. Qana | 83. Panama |
4.Antiqua və Barbuda | 44. Qrenada | 84. Papua Yeni Qvineya |
5.Azərbaycan | 45. Qvatemala | 85. Peru |
6.Baham adaları | 46. Qvineya-Bisau | 86. Filippin |
7.Bəhreyn | 47. Qvineya | 87. Qətər |
8.Banqladeş | 48. Qayana | 88. Ruanda |
9.Barbados | 49. Haiti | 89. Sent Kits və Nevis |
10. Belarus | 50. Honduras | 90. Sent Lusia |
11. Beliz | 51. Hindistan | 91. Sent Visent və Qrenadin |
12. Benin | 52. İndoneziya | 92. Sao Toma və Prinsipa |
13. Butan | 53. İran | 93. Səudiyyə Ərəbistan |
14. Boliviya | 54. İraq | 94. Seneqal |
15. Botsvana | 55. Yamayka | 95. Seyşel adaları |
16. Bruney | 56. İordaniya | 96. Sierra Lione |
17. Burkino Faso | 57. Keniya | 97. Sinqapur |
18. Burundi | 58. Küveyt | 98. Somali |
19. Kamboca | 59. Laos Xalq Demokratik Respublikası | 99. Cənubi Afrika Respublikası |
20. Kamerun | 60. Livan | 100. Şri-Lanka |
21. Kape-Verde | 61. Lesoto | 101. Sudan |
22. Mərkəzi AfrikaRespublikası | 62. Liviya | 102. Surinam |
23. Çad | 63. Liberiya | 103. Svazilend |
24. Çili | 64. Madaqaskar | 104. Suriya |
25. Kolumbiya | 65. Malavi | 105. Tayland |
26. Komor adaları | 66. Malayziya | 106. Timor Leste |
27. Konqo | 67. Maldiv adaları | 107. Toqo |
28. Kot D’ivuar | 68. Mali | 108. Trinidad və Tobaqo |
29. Kuba | 69. Mavritaniya | 109. Tunis |
30. Koreya XDR | 70. Mavrikiy | 110. Türkmənistan |
31.Konqo Demokratik Respublikası | 71. Monqolustan | 111. Uqanda |
32. Cibuti | 72. Mərakeş | 112. Birləşmiş Ərəb Əmirlikləri |
33. Dominika | 73. Mozambik | 113. Tanzaniya |
34. Dominikan Respublikası | 74. Myanmar | 114. Özbəkistan |
35. Ekvador | 75. Namibiya | 115. Vanuatu |
36. Misir | 76. Nepal | 116. Venesuela |
37. Ekvatorial Qvineya | 77. Nikaraqua | 117. Vyetnam |
38. Eritreya | 78. Niger | 118. Yəmən |
39. Efiopiya | 79. Nigeriya | 119. Zambiya |
40. Fici | 80. Oman | 120. Zimbabve |
Qoşulmama Hərəkatında müşahidəçi dövlətlər
1. Argentina | 7. El Salvador | 13. Serbiya |
2. Ermənistan | 8. Qazaxıstan | 14. Tacikistan |
3. Bosniya və Hersoqovina | 9. Qırğızıstan | 15. Uruqvay |
4. Braziliya | 10. Meksika | 16. Xorvatiya |
5.Çin | 11. Monteneqro | 17.Ukrayna |
6. Kosta Rika | 12. Paraqvay |
Qoşulmama Hərəkatında müşahidəçi təşkilatlar
1.Afrika İttifaqı
2.Afrika-Asiya Xalqları Həmrəylik Təşkilatı
3.Millətlər Birliyinin Katibliyi
4.Kanak Sosial Milli Azadlıq Cəbhəsi
5.Ərəb Dövlətləri Liqası
5.Puerto Rikonun Azadlığı üçün Milli Hostosian Hərəkatı
6.İslam Konfransı Təşkilatı
7.Cənub Mərkəzi
8.Birləşmiş Millətlər Təşkilatı
9.Dünya Sülh Şurası
10.Bloklara qoşulmama araşdırmaları üzrə Beynəlxalq İnstitut
Mənbə: / Azərbaycan XİN/