«Qız üstündə dava elədik, çənəsini qırdım...» - Faiq Ağayev (FOTO)
12.07.2016 1862 0.0 0

İlk dəfə məktəbə 1978-ci ildə gedib. 6 yaşını tamamlamadan. Söhbət xalq artisti, “Qızıl Şlyager” Faiq Ağayevdən gedir. Birinci sinfə Bakının 175 saylı orta məktəbinə gedib.

 

- Məktəbə gedəndə hələ 6 yaşım tamam olmamışdı. Məktəbi bitirəndən sonra instituta daxil olmadın, əsgərliyə getməlisən. Anam mənə əlavə bir il vaxt qazandırmaq üçün o vaxt “metrika”ma “düzəliş” elətdirmişdi ki, birdən məktəbi bitirən il instituta qəbul ola bilmərəm. 5 yaş yarım idim. Çox ciddi imtahandan keçdim. Sonra mama mənə dedi ki, sən demə, yoxlamaya görə mən ikinci sinif proqramını da bilirmişəm. Təəccüblü də deyil, atam məni qucağında otuzdurub, qəzet oxudurdu. Uşaqlıqda danışmağa da, yeriməyə də çox tez başlamışam.

 

86-ci ildə məktəbi dəyişib

 

- Doqquz və onuncu sinifləri fransız dili təmayüllü 46 nömrəli məktəbdə oxumuşam. Oxuduğum sinif isə riyaziyyat təmayüllü idi. Riyaziyyat bu gün də karıma yetişir.

 

- “Riyaziyyat” adında mahnınız da var.

 

- Hə. Murad Arif yazıb.

 

 

İlk müəllimi Liya İlizarovna olub

 

- Çox güclü müəllim idi. Valideynlər çalışırdılar ki, uşaqları ibtidai sinfi məhz o müəllimin sinfində oxusun. Böyük qardaşım da onun sinfində oxumuşdu.

 

Faiz Ağayev ilk dərs gününü belə xatırlayır:

 

- Bizimlə eyni məhəllədə Mehriban adında qız yaşayırdı. Bir sinfə düşmüşdük. Mən gedib onun yanında oturdum. Amma o məndən boyca uzun idi, mən bəstəboy idim. Birinci cərgədə dördüncü, ya beşinci sırada əyləşmişdik. Boyuma görə müəllimə məni qabağa keçirtdi: ikinci cərgədə birinci parta. Elə də qaldı. Səkkiz il eyni yerdə əyləşdim.

 

Sevdiyi və sevmədiyi fənlərdən danışır:

 

- Ən sevdiyim fənn kimya idi. Kimyaya marağı anam yaradıb. Daim deyirdi ki, kimya çox maraqlı elmdir. Bu fənni məktəb proqramı ilə deyil, texnikum proqramı ilə keçirdim. Əgər bu yazını kimyadan anlayışı olanlar oxusa, biləcəklər nə demək istədiyimi. Xomçenkonun kitabından öyrənirdim. Həndəsədən zəhləm gedirdi. Planimetriyanı yaxşı bilirdim, stereometriyanı sevmirdim. Amma oxuyub “beş” alırdım. Fizikadan da zəhləm getsə də, prinsipə öyrənirdim. Qiymətlərimə attestatıma mənfi təsir göstərməsin deyə. Əmək dərslərini sevməsəm də, bədən tərbiyəsini xoşlayırdım. Məktəbdə qaçış üzrə çempion idim. Cəbri çox sevmişəm.

 

Və indiyə qədər heç kimə danışmağı məktəb illəri xatirəsini oxucularla bölüşür.

 

- Məktəbdə heç vaxt dava eləməmişəm. Çünki ehtiyac olmayıb. Özümdən böyük iki qardaşım həmin məktəbdə oxuyurdu. Mən çəlimsız, arıq-uruq uşaq idim. Amma qardaşlarımın qorxusundan məktəbdə elə bir oğlan yox idi ki, cürət edib, gəlib mənə nəsə söz desin. “Krışa”m vardı. (gülür)

Qardaşlarım həmişə məni öyrədirdilər ki, birdən biz məktəbdə olmarıq, dava olsa, birinci sən vur. Döyülsən də vur, bilsinlər ki, cəsarətlisən.

Bir dəfə qız üstündə dava düşdü. Sinif yoldaşımla eyni qızı sevirdik. Bax, onda qardaşlarımın mənə öyrətdikləri köməyimə çatdı. Məktəbin arxa həyətində idik həmin sinif yoldaşımla, təkbətək qaldıq. İlk mən vurdum. Fiziki cəhətdən məndən güclü olan oğlanın çənəsini qırdım. Düzdü, o da məni qəşəng əzişdirdi, burnumu sındırdı. Ona görə də illər sonra burnumu əməliyyat etdirməli oldum.

 

Uşaq vaxtı paltarlarının əksəriyyətini anasının tikdiyini deyir:

 

- “Dublyonka”ma qədər anam tikib. “Plaş” parçasından şalvarlar o vaxt çox dəbdə idi. Anam mənə qəhvəyi rəngdə o parçadan şalvar tikmişdi. Geyinib, gəldim məktəbə. Hava yağışlı idi. Ayağım sürüşdü yıxıldım, şalvar yırtıldı - siftəsini belə etdim. O təəssüf hissim günü bu gün də yadımdadır. O şalvarın parçasını bu gün də görsəm tanıyaram.

 

 

 

 

Bir az da məktəb illərində sevgi-məhəbbətdən...

 

- Sovet vaxtında belə bir təcrübə vardı. Kiçik siniflərdə hansısa şagird istənilən fəndən geri qalanda, böyük sinif şagirdi onun üzərində patronaj götürürdü və həmin fənni ona öyrədirdi. İlk sevdiyim qız riyaziyyat və ədəbiyyat fənnindən patronaj götürdüyüm şagird idi. Məndən iki sinif balaca idı.

 

Burnumun sındırılmasına “bais” olan digər istədiyim qızla isə bu yaxınlarda görüşdüm. Sinif yoldaşım Lalə Yəhyayeva mənə dedi ki, məktəb illərində sevdiyim qız Bakıya gəlib. Ailəsiylə birgə. Təklif elədi ki, görüşək. Görüşdük. Söhbət elədik. Anladım ki, bəzən keçmişə qayıtmaq lazım deyil. Elə qoy, xatirə kimi qalsın. İnsanlar da dəyişir.

 

- Nə hiss elədiniz?

 

- Xaricə köçən insanları qınamıram, onlar oranın qayda-qanunu ilə yaşayırlar. Bizim ən gözəl xüsusiyyətlərimizdən biri odur ki, çox istiqanlıyıq. Amma xaricə, əsasən də qərb ölkələrinə köçənlər oranın ab-havasına uyğunlaşmağa məcburdur. Bir az emosionallıq itir.

 

Ən sevimli müəllimi İnna Fərəcova olub.

 

- 175 nömrəli məktəbdə mənə riyaziyyat dərsi deyirdi. Məhz ona görə riyaziyyatı sevdim. İndiyə kimi də o müəllim üçün sinov gedirəm.

 

Məktəbimizin pioner dəstəsinin başçısı vardı. Çox qəşəng qızıydı... Məktəb ölürdü onunçün. Mən də şirin, qara qaş-qara göz uşaq idim deyə, yanımdan keçəndə mütləq ya məni sığallayardı, ya da öpürdü. Böyük sinfin uşaqları qardaşlarımın qorxusu olmasaydı, buna görə döyərdilər məni. Hə, onu sevirdim! (gülür)

 

- Faiq Ağayev necə şagird olub?

 

- Məktəbdə ən zəif tərəfim davranış olub. Birinci partada otururdum. Adamın ürəyi sıxılırdı. Adam nə qədər lövhəyə baxar?! Dönüb kimləsə danışırdım. Bütün müəllimlərin dilinin əzbəri idi: “Ağayev, başını çevir bu yana!” (Gülürük).

 

Dördüncü sinifdən artıq məktəbin tədbirlərində iştirak edirdim. Məktəbin nəzdində fəaliyyət göstərən ansamblın solisti idim. Bizim ansambl o vaxt bütün Sovetlər İttifaqını gəzmişdi. Əlaçı şagird olmuşam. Bəzən sinif jurnalını mənə tapşırardılar. Əgər uşaqlar dərsdən qaçırdılarsa, mən də jurnalı götürüb qaçırdım ki, orda “qaib” qeyd edə bilməsinlər. Müəllimlər otağında tanışlarım vardı. Katibə qızlar. Məni çox istəyirdilər. Onların vasitəsiylə jurnalı yerinə qoyurdum. Sinifdə bir-iki nəfər vardı. Biz qaçırdıq, onlar yox. Satqınlıq edirdilər. Elə indi də düz-əməlli insan deyillər./lent.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar